Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 20°C

"HİKMƏT HACIZADƏ ÇOX BİSAVAD SÖHBƏT EDİR"

unnamed_resize22-07-2017-1.jpgAzərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis. az saytına müsahibəsində mərhum xalq şairi, Azərbaycan poeziyasının incilərindən olan və şeirlərinin estetik təravəti günümüzə qədər gəlib çatan dahi Səməd Vurğunla bağlı təhqiramiz ifadələrə yol verib.

 Sherg.az müsahibənin həmin hissəsini təqdim edir:

- Səməd Vurğunu sevmirsiniz?

- Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. "Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüeyn Cavid, Müşfiq... Ancaq indi istəyirəm müasir ədəbiyyatdan danışım. Bizdə qadın poeziyası əmələ gəlib. Onları oxuyuram və sevirəm.

Şübhəsiz ki, bu fikirlər Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Doğrudur , düşmən dəyirmanına su töküb işə salanlar Azərbaycanın böyük ədibinin ləkələnməsinə sevinərək məlum "düşüncə"yə haqq qazandırıb. Amma milli şüur, milli təfəkkür və milli ruha söykənən ziyalılar, ictimaiyyət və ədəbiyyat xadimləri, millət vəkilləri buna etirazlarını ifadə ediblər.

Elə millət vəkili, akademik Nizami Cəfərov da Sherg.az-a müsahibəsində sözügedən yanaşmaya kəskin narazlığını bildirib:

Birincisi, "Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir” misraları S.Vurğunun deyil. Bu misralar Xəlil Rza Ulutürkün şeirindəndir. Bu da S.Vurğunun dahiliyidir ki, kim nə yazırsa, ən yaxşı misralar S.Vurğunun adına çıxılır. Buna S.Vurğunun haqqı var. Niyə ? Ona görə ki S.Vurğun nəhəng bir istedad nümunəsidir. H.Hacızadə bilmir ki, S.Vurğunun "Azərbaycan" kimi bir şeiri var. Təbii ki, hər bir dövrün konyukturası olur. Hər bir dövlət xadimi, hər bir siyasi xadimin qatıldığı kimi, şairlər də bu konyurkturalarda iştirak edir. Amma əsas onun nəticələridir, mahiyyətidir. Gərək, onda Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Cəlil Məmmdəquluzadə və başqlarını tariximizdən, ədəbiyyatımızdan silək. H.Hacızadə çox bisavad söhbət edir. Bu kimi söhbətlər yalnız H.Hacızadəyə aid deyil. Bu cür məsələlər olub və son vaxtlar gah azalıb, gah da artıb. Bunlar mahiyyət etibarilə nadan söhbətlərdir. Mən S.Vurğunun tərcümeyi halını çox yaxşı bilirəm. S.Vurğun heç vaxt, heç kimi satmayıb. Heç onun ruhunda, təbiətində belə bir şey olmayıb. S.Vurğun kimi səviyyəli adam heç vaxt, heç kimi satmaz. Bunu anlamaq lazımdır. Onun Stalinə çoxsaylı müraciətləri olub.

- Nə ilə bağlı idi bu müraciətlər?

-S.Vurğun Stalindən dəfələrlə xahiş edib ki, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadəyə və digər ziyalılarımıza imkan verin. S.Vurğunun özü nə qədər əzablar çəkib. Sizə bir xatirə danışım:
Bir dəfə Mircəfər Bağırov oturub S.Vurğunun "Vaqif" dramına baxırmış. S.Vurğun da kənarda dayanıb həyacan keçirirmiş ki, görən mənim haqqımda fikirləri, rəyləri necə olacaq. S.Vurğunun adam sataçaq səlahiyyəti də yox idi. Bu, heç onun təbiətində də yox idi. Bir gedib, xalq yazıçımız Elçinin "Ölüm hökmü" romanını oxusunlar. O dövrdə kimisə satmaq anlayışının nə olduğunu anlasınlar. Həmin vaxtlar insanları qırırdılar, məhv edirdilər. Bununda başında Moskvada Stalin, biz də isə Mircəfər Bağırov dayanırdı. Yəni orada S.Vurğunun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Bəkir Çobanzadənin heç bir rolu yox idi. Yuxarıdan təlimat elə gəlirdi ki, burada kiminsə kim haqqında fikir söyləməsinin, kiminsə əleyhinə və ya lehinə danışmasının heç bir əhəmiyyəti yox idi. Arxivlərə gedib, o mənbələri oxusunlar.

- Şəxsiyyətlərin təhqir olunması məsələlərinin qarşısının alınmasını qanunla tənzimləmək olarmı ?

- Əlbəttə, bu, qanunla tənzimlənməlidir. Mən bunu dəfələrlə demişəm ki, bu gün böyük şəxsiyyətlərin sahibi yoxdur. Nə vaxta qədər ki, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu sağ idi, bu işlə maraqlanırdılar, S. Vurğuna qarşı belə təhqirlər olmurdu və yaxud da bir az da üzdən olurdu. Amma indi get-gedə şəxsiyyətlər yiyəsizləşir. Bununlıa yanaşı dərk etmək lazımdır ki, S.Vurğunun və başqa hansısa üsərinə çirkab atılan şəxsiyyəti yalnız onun ailəsi deyil, bütün xalqımız qorumalıdır. S. Vurğun bizim mənəvi sərvətimizdir. Necə ki, bu gün Qobustan abidələri və İçəri Şəhər və hansısa tarixi abidələrimiz qorunur, S.Vurğun da elə qorunmalıdır. O, bizim mənəvi abidəmizdir. Bu mənda Milli Məclisdə də məlum məsələ ilə bağlı ciddi tədbirlər , layihələr olmalıdır və bu işlər görülməlidir.

-Maraqlıdır ki, bunu cəmiyyətdə "ziyalı" kimi tanınanlar və ya belə görüntü yaradanlar edir...

-Doğrudur. Bizdə qayda belədir: kim yüksəlirsə, onu mütləq aşağı çəkib salmaq istəyirlər. Müzakirə isə bir ayrı məsələdir. Müzakirə olmalıdır. Amma kimisə təhqir etmək yolverilməzdir. Görünür, təhqir H.Hacızadənin təbiətindən irəli gəlir. Əlbəttə, belə qarayaxmaların S.Vurğuna heç bir təsiri olmayacaq. S.Vurğun çox böyük səviyyədədir.

- Dahilərimizdən biri deyir ki, bir xalqı, cəmiyyəti məhv etmək istəyirsənsə, onun dilini və mədəniyyətini əlindən al. Son vaxtlar müşahidə edirik ki, ölkəmizdə tarixi şəxsiyyətlərimizə və ədiblərimizə qarşı belə hücumlar, basqılar var. Və bunlar da müəyyən bir mərkəzdən idarə olunur....

-Mən də belə düşünürəm. Belə mərkəzlər var. S.Vurğuna hücumlar daha çox onunla bağlıdır ki, o, müasir Azərbaycan dilini yaradıb. S.Vurğuna hücum müasir Azərbaycan dilinə, dilimizin inkişafına, tariximizə, kökümüzə hücumdur. Biz bunları anlayırıq. Bu cür cəhdlərin də nəticəsiz olacağını bilirik. Bu, sadəcə qanqaraltmaqdır. Amma bu, nəticə etibarilə gənclərdə hansısa bir mənfi təsəvvürlər yarada bilər. Yəni hadisələrdən xəbəri olmayan gənclərimiz H.Hacızadə kimilərinə inana bilər.
İkincisi, belə işlər hansısa bir məqsədlərdən irəli gələ bilər. Amma inanmıram ki, bu, H.Hacızadə kimilərinin məqsədi olsun. Bu, onlar üçün bir vasitədir. Yalnız H. Hacızadəni nəzərdə tutmuram. Elə "ziyalılar" var ki, onlar özlərini təsdiq etmək üçün dahiləri aşağılayırlar. Onların içərisində milli insanlara qarşı bir kompleks var. Məsələn, bizim elə şair və yazıçılarımız var ki, özlərini yüksəltmək üçün onlardan dəfələrlə səviyyəli yazıçılara şər-böhtan atırlar. Düzdü, bunu altdan -altdan edirlər, amma edirlər. Kimi də özünü hansısa xarici agenturaya satır. Bax , belə amillər də müşahidə olunur.

- Nizami müəllim, elə "sayt" və ya "jurnalistlərimiz" də var ki, şəxsiyyətlərimizi təhqir etdirib, İP qazanırlar. Belələrinə nə çağırış edərdiniz?

- S.Vurğunun kim olduğunu yaxşı bilirlər. Yazı -pozu adamlarıdır. Məsələnin təzadlı tərəfi budur ki, onlar ya dərin düşünmək istəmirlər, ya da həmin adamlara şuluqluq maraqlı gəlir. İnanmıram ki, onlar bu xalqın və ya S.Vurğunun düşməni olsunlar. Görünür, xaosdan ləzzət alırlar. İstedadlarını bu yolla məhv edirlər. Mən dünya ədəbiyyatını yaxşı bilirəm və bu cür təcrübələrə də çox rast gəlmişəm. Azərbaycan elə də böyük məmləkət deyil. Hər kəsin tərcümey-halı göz qabağındadır. Kim, harada neynəyibsə hamısı görünür. Nə qədər xaosa cəhd göstərilsə də , bu, mümkün deyil. Ona görə də bizm o saytlar çalışmaldırlar ki, təhqiramiz ifadələrə yol verməsinlər. Kimisə dəvət edib, şəxsiyyətlərimizi təhqir etdirməsinlər. Başqa bir cəhd də var ki, mən bunun ağrısını çox çəkmişəm. Bazar mənasında satqın jurnalist və saytlar var. Gedib kimdənsə pul alıb, digərinin əleyhinə qərəzli, heç bir əsası olmayan, fakta söykənməyən yazı yazırlar. Belələrini yaxına buraxmaq olmaz. İndi elə "alimlərimiz", "ziyalılarımız" meydana çıxıb ki, onu - bunu "vurmaq" üçün pul verib yanlarında reket gəzdirirlər. Belə vəziyyətlər də var. Bu saytlara nəzarət olmalıdır. Qəzet və jurnallara nəzarət var. Amma dələduzluqla məşğul olan saytlar çoxdur. Ümumilikdə isə bunlar ötüb keçən işlərdir. Səməd Vurğuna münasibətdə ehtiyatlı olmalıyıq.

Hazırladı: Ayyət ƏHMƏD

Əlaqəli xəbərlər