Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 17°C

Şəxsi hisslərini ictimai münasibətlərə sırıyan kifayət qədər kin-küdurət sahibi var

 İqbal Ağazadə: “Mövcud qanunlara görə də heç bir yerdə prezidentin şərəf və ləyaqəti təhqir oluna bilməz, istər KİV-də, istərsə də publik çıxışlarda”

Alqış Həsənoğlu: “Prezident dövlətin, millətin simvoludur”

Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdinin cinayət məsuliyyəti yaradacağı barədə xəbər vermişdik. 

 Xatırladaq ki, baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib. Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir. Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir.

 Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

 Deputat Qüdrət Həsənquliyev isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında təkliflərin müzakirəsi zamanı deyib ki, ölkənin birinci xanımı statusu ilə bağlı da buna bənzər qanun qəbul olunmalıdır: “Əvvəla ölkənin birinci xanımı dünya səviyyəsində tanınır. Birinci xanım statusdur. Bundan başqa, hesab edirəm ki, həyat yoldaşına qarşı təhqiramiz ifadələr, şərəf və ləyaqətin alçadılması kimi hərəkətlər elə şəxsin özünə qarşı edilmiş deməkdir”.

 Q. Həsənquliyev eyni statusun eks-prezidentlərə də şamil edilməsini təklif edib. Onun təklifinə həmkarı Rafael Cəbrayılov da dəstək verib.

 Maraqlıdır ki, eyni vaxtda Çexiyada da prezidenti təhqir etməyə görə cəzaların sərtləşdirilməsi istiqamətində təşəbbüslərə start verilib. Qaydaları pozanlara hətta bir illik həbs cəzası da kəsilə bilər. Azadlıq Radiosu xəbər verir ki, belə bir təşəbbüslə ölkə parlamentinin 60-a qədər deputatı çıxış edib. Qanun layihəsində “dövlət başçısını ictimai şəkildə təhqir etməyə” görə cərimələr, əmlakın qismən müsadirəsi və maksimal sanksiya kimi həbs cəzası nəzərdə tutulur.

 Qanun layihəsində iddia olunur ki, “respublika prezidentini ictimai şəkildə təhqir edən şəxs prezidentlik institutunun ləyaqətini şübhə altına alır”. Bu qeyri-adi sənədin təşəbbüskarları arasında həm hakimiyyət, həm də müxalif partiyaların təmsilçiləri var. Qanun layihəsinin hazırlanmasına qatılan sosial-demokrat deputat, keçmiş ədliyyə naziri Mariya Beneshova hesab edir ki, “indi qəddar zəmanədir, prezidenti qorumaq lazımdır”.

Düzdür, əks fikirlər də var. Məsələn, M.Beneshovanın partiyadaşı, parlamentdəki sosial-demokratlar klubunun rəhbəri Roman Sklenak twitter-də yazıb: “Mən bundan sonra da insanların azad danışa bildiyi ölkədə yaşamaq istərdim. O cümlədən də prezident haqqında...” 

 Sözügedən materialda tarixçilərə istinadən qeyd olunub ki, iki dünya müharibəsi arasındakı dövrdə Çexoslovakiyada təklif edilən qanunun analoqu mövcud olub. “1923-cü ildən prezidenti təhqir etməyə görə 6 ay həbs cəzası vardı. Hətta bir dəfə bir tibb bacısını prezident Masarykın büstünün altındakı gül dəstəsini götürərək “layiq deyil” deməsinə görə cəzalandırılması əhvalatı məşhurdur. Kommunist dönəmində isə təkcə prezidentin yox, respublikanın digər institutlarının da təhqir olunması cinayət sayılırdı”. 

Belə görünür ki, dəyişən, həm də aqressivləşən dünyada təkcə Azərbaycan deyil, Avropa ölkələri də ölkənin birinci şəxsinin daha çox müdafiəsi ilə bağlı tədbirlər həyata keçirməyi zəruri sayır. Ancaq bu məsələyə münasibət bizdə də fərqlidir. 

 

 Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, əslində mövcud qanunlar da prezidentin şərəf və ləyaqətini qorumağa imkan verir: “Orada istisna deyildi ki, harada təhqir etmək olar, ya olmaz. Mövcud qanunlara görə də heç bir yerdə prezidentin şərəf və ləyaqəti təhqir oluna bilməz, istər KİV-də, istərsə də publik çıxışlarda. Sadəcə prezidentin şərəf və ləyaqətini təhqir edən, yaxud ona qarşı hər hansı təhqiramiz davranışda bulunan adamlar cəzalandırılırdı. İndi sosial şəbəkələri xüsusi olaraq əlavə etmək ola bilsin kiminsə təşəbbüsüdür, amma hesab etmirəm ki, bugünkü gün üçün elə də ciddi zərurət idi. Nə fərqi var, adam sosial şəbəkədə təhqir edir, ya KİV-də? Eyni məsələdir. Qanunda yazılmayıb ki, sosial şəbəkədə təhqir cinayət məsuliyyəti yaratmır, KİV-də yaradır. Elə şey yox idi. Ona görə də məntiq mənə çatmır. Qanunla onsuz da qorunurdu və onu tətbiq etməyə heç bir maneçilik yox idi. Hətta təhqiri anonim, psevdonimlə, yaxud yalançı profillərlə etmiş olsa, hüquq mühafizə orqanlarının borcu onu isbata yetirmə idi. Əlavə bir məsələni Milli Məclisdə müzakirəyə çıxartmağa və qərar qəbul etməyə heç bir ehtiyac yox idi. Zatən bu, var idi və ölkədə tətbiq olunurdu”. 

 İ.Ağazadə qeyd etdi ki, konkret olaraq Çexiyada bənzər qanunun qəbulunun hansı zərurətdən irəli gəldiyini deyə bilməz: “Amma prezidentin şərəf və ləyaqət məsələsi dünyanın hər bir yerində var. Çünki seçilmiş şəxsdir və ölkə vətəndaşlarının səs verdiyi şəxsin şərəf və ləyaqəti qanunla qorunmalıdır”. Ümid sədri onu da vurğuladı ki, sosial şəbəkəyə nəzarət etmək mümkün deyil: “Sosial şəbəkə çap məhsulu deyil ki, ölkədə çapını qadağan edəsən. O, Amerikada yazır, biz burda oxuyuruq, necə cinayət məsuliyyəti yaranacaq? O ölkələrlə sosial şəbəkələrdə təhqirə yol verməklə bağlı qarşılıqlı hər hansı müqavilə, ya öhdəliklər varmı ki, sabah həmin dövlətlərə müraciət olunsun? Bu, mümkün deyil. Ölkə vətəndaşları üçün nəzərdə tutulubsa, zatən ölkədə yaşayan adamların 99 faizi “qırmızı xətti” bilir və heç vaxt onu keçmir. Təkcə ona görə yox ki, tərbiyə və düşüncə məsələsidir. Yox. Əslində mən istərdim ki, nə hakimiyyət, nə müxalifət nümayəndələri, nə sadə vətəndaşlar, heç kəs bir-birinə münasibətdə “qırmızı xətti” keçməsin. Ancaq xaricdə yaşayan adamlar bundan daha çox istifadə edəcəklər və daha iyrənc formada bunu tətbiq edəcəklər”. 

 

 YAP üzvü, sabiq deputat Alqış Musayev isə bizimlə söhbətində bildirdi ki, ölkə başçısını təhqir etmək yolverilməzdir: “Prezident dövlətin, millətin simvoludur. Amma onun və ailəsinin şərəfini qorumaq təkcə səlahiyyət sahiblərinin qayğısı olmamalıdır. Bu isə daha çox bir əxlaq, milli heysiyyət məsələsidir. Çox təəssüf ki, bizdə hələ ki, dövlətçilik əxlaqı formalaşmayıb. Cəmiyyətimizdə öz şəxsi hisslərini ictimai münasibətlər sisteminə sırıyan kifayət qədər qərəz, kin-küdurət sahibi var. Bax, belə bir mühitdə Baş Prokurorluğun təşəbbüsü hansı effekti verəcək? Bu bizi düşündürməlidir. Bəlkə problemə daha geniş yanaşmaq lazımdır? Elə hüquqi- normatıv aktlar qəbul edək ki, KİV-lərdə, internet resurslarında heç kim heç kimi təhqir edə bilməsin. Belə olarsa, konkret nətıcələr əldə etmək mümkündür”. 

 A.Musayev hesab edir ki, Çexiya nümunəsində təəccüblü heç nə yoxdur: “Deməli, heç yeri heç bir ölkəni ideallaşdırmağa gərək yoxdur. Avropada da belə halların olması onu göstərir ki, cəmiyyətlərin orta statistik göstəriciləri heç də bir-birindən köklü surətdə fərqlənmir, ümumi səviyyə eynidir. Mənfi və müsbət tendensiyalar fərqli məkanlarda eyni ardıcıllıqla yaşana bilər və yaşanır da. Ümumiyyətlə, fundamental dəyərlərin bir ölkənin, bir materikin, bir qitənin adı ilə kodlaşdırılması düzgün deyil. İnsan haqları ümumbəşəri dəyərlidir , universal xarakter daşıyır. Bu səbəbdən də bu dəyərlərə uğrunda mübarizə apararkən başqa - başqa ölkələrdə oxşar mənzərələrlə rastlaşmağımız çox təbiidir”.

 

Cavid TURAN

 Musavat.com