Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Onlar casusluq edirdilər

“17 noyabr mitinqinin həm ideya müəllifi, həm təşkilatçısı mən olmuşam”

Bu gün Azərbaycan xalqı 17 noyabr Dirçəliş gününü qeyd edir. 1988-ci ilin 17 noyabrında başlayan meydan hərəkatı artıq tarixə çevrilsə də, həmin günün qəhrəmanları, meydan hərəkatının liderləri unudulmur. Bu gün də onlardan birinin, Meydan hərəkatının liderlərindən olmuş Ənvər Əliyevin o günlə bağlı xatirələrini sizə çatdıracağıq. Ənvər Əliyevlə onun Milli Azadlıq Hərəkatına başladığı yerdə, AMEA-nın önündəki meydanın qarşısında görüşdük və söhbətimizə də elə oradan başladıq.

-Ənvər bəy, aradan 28 il keçir... El dili ilə desək, bir igidin ömrüdür.

- Bəli, qərinəyə az qalıb.

- O günləri necə xatırlayırsınız.

- Çox gözəl günlər kimi xatırlayıram. Çox çətin və əziyyətli idi. Biz bilirdik ki, qarşıda ancaq cəza var. O vaxt deputat olmaq ağlımıza gəlmirdi. Sovet hökumətinin amansız qanunları bizi gözləyirdi.

- SSRİ-nin dağılacağı ağlınıza gəlirdimi?

- Bəli, laxladığını hiss edirdik. Amma bizim problemimiz SSRİ deyildi, əsas Dağlıq Qarabağ məsələsi idi. İnsanlar torpaqlarımızın itirilməsinə, planetin itirilməsi, dünyanın dağılması kimi baxırdı. Elə bir hiss var idi ki, sanki məhşər günü yaxınlaşır. O günlər üçün darıxıram. Onun üçün darıxıram ki, mən indi dayandığımız Elmlər meydanından parlament binasına gedənə qədər arxamda 10-15 min insan  yığılırdı. Meydana milyonlarla insan yığılırdı.

- İlk siqnal nə oldu? Necə oldu ki, 17 noyabrda bütün Azərbaycan ayağa qalxdı və meydana axışdı? Siz nə zaman getdiniz?

- Fevralın 19-dan başlayaraq biz Bakı Dövlət Universitetinin və Texniki Universitetin tələbə və müəllimləri meydana mitinqə gedirdik. 16 mayda da belə bir mitinq keçirmişdik. 17 noyabrda isə hər şey tamam fərqli oldu. Biz gördük ki, ermənilərdən fərqli olaraq keçirdiyimiz mitinqlər qarşıya qoyduğumuz  məqsədə nail olmur. Biz yığışırıq, mitinq edirik, sonda da şeirlə, mahnı ilə qurtarır, 10-15 gün gərginlik sakitləşir, sonra yenidən erməni öz bildiyini edir, bizimkiləri Ermənistandan, Dağlıq Qarabağdan qovur. Mən özüm bunu fikirləşdim və ətrafımdakılara da dedim. Sonda belə qənaətə gəldik ki, düşmənimizə öz metodları ilə cavab verək. Yəni, mitinqləri uzunmüddətli edək. 1988-ci il, noyabrın 15-də mən məqsədli şəkildə AMEA-dan məzuniyyətə çıxdım. Ona görə ki, sonradan işə gəlməməyimi bəhanə edib mənə töhmət yaza bilməsinlər. Hiss edirdim ki, nə isə olacaq. Məzuniyyət pulumu da aldım, ailəmi rayona göndərdim.

- Əvvəlcədən nə isə ciddi bir hadisə olacağını bilirdiniz?

- Bəli, öncədən hadisələr hər şeyi göstərirdi. Necə hava tutulanda yağış yağacağını bilmək olursa, o zaman da görmək olurdu ki, nə isə olacaq. Biz noyabrın 15-də AMEA-nın binası önündəki bu parka yığışdıq, böyük bir mitinq keçirildi. Hamı kütləvi şəkildə dedi ki, artıq ermənilərin bu əməllərinə dözmək olmaz. Olduqca gərgin bir vəziyyət idi, indiki dövrdə onu təsəvvür etmək üçün söz zəif qalır. Milyonluq şəhər gur-gur guruldayırdı. O mitinqdə mən də çıxış etdim və təklif etdim ki, meydanlarda çoxgünlük oturaq mitinq keçirək. Bu fikrim alqışlandı. Dedim ki, əgər bu mitinqin nəticəsi olsa, ermənilər öz əməllərindən əl çəksələr, biz onlara sülh yürüşü təşkil edərik, buradan İrəvana gedərik. Biz daha öncə Bakı Dövlət Universitetindən bir neçə nəfəri Dağlıq Qarabağa göndərmişdik ki, gedib oradakı vəziyyət haqqında dəqiq məlumat gətirsin. Onlar da ayın 16-da gəldi. Dedilər ki, vəziyyət çox gərgindi. Növbəti günə mən ciddi hazırlaşırdım. Bir faktı da tarix üçün deyim ki, 17 noyabr mitinqinin həm ideya baxımından, həm təşkilatçılıq baxımından müəllifi mən özümü görürəm. Çünki ətrafımda cavan tələbələr idi, mənim isə xeyli yaşım və təcrübəm var idi.

- O zaman neçə yaşınız var idi?

- 37. Elmlər namizədi idim. Heç nədən də qorxmurdum. Bilirdim ki, bunun qarşılığı yalnız cəza olacaq, ancaq o cəzadan da qorxmurdum. Noyabrın 17-i həm də Aqanbekyanın tarixi çıxışının da bir illiyi tamam olurdu. Mən həmin tarixi məqamı buraxa bilməzdim. Belə də oldu. Mən noyabrın 16-dan 17-ə keçən axşam Bakı Dövlət Universitetinin yataqxanası ilə aspirantların yataqxanasının yaxınlığında tələbələri topladım. Qəti qərara gəldik ki, sabah mütləq meydana çıxmalıyıq. Onun üçün müxtəlif şüarlar yazılmış plakatlar hazırladıq. Birinci şüarımız bu idi: “Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın siyasi, iqtisadi və hüquqi dövlətçiliyi bərpa olunmalıdır”.

İkinci şüar da “Topxana bizim qeyrətimizdir” idi. Həmçinin mitinqin tələblərini də yazdıq və iki saatdan bir onu oxuyacaqdıq ki, mitinqə yeni qatılan insanların da məlumatı olsun. Mən meydanın axşam saatlarında dağılmaması üçün odun yığmağı da tapşırdım. Qərara aldıq ki, meydan iştirakçılarını su və kökə ilə də təmin edək ki, ac olduqları üçün getməsinlər, insanlar dükanlara hücum etməsinlər. Mənim ağlıma da gəlməzdi ki, bu mitinq milyonlarla insanın nəhəng axınına çevriləcək.

Qərara gəldik ki, səhər saat 8:00-da hərəkət edək və 08:15-də dərsə gələn kütlənin istiqamətini dəyişək, onları da özümüzlə birlikdə meydana aparaq. O dövrdə mitinqdən kənarda qalmaq gənclər üçün təhqir sayılırdı. Qızlar da oğlanlardan geri qalmırdılar, fədakarcasında mitinqlərdə öndə gedirdilər. O zaman Fazil Mustafa dedi ki, əgər sən sabah ən azı 200-300 nəfərlə bizim şəhərciyə daxil olsan, biz də çıxacağıq. Daha sonra İnşaat Universitetinin yataqxanasına getdim, onlar da məni daha öncəki mitinqlərdən çox gözəl tanıyırdılar. Onlar da söz verdilər ki, Texniki Universitetinin qarşısından bizə qoşulacaqlar. Həmin gün Ədalət Tahirzadənin çəkdiyi iki ədəd üçrəngli bayrağı da götürdüm.

Bu bayraqlardan insanlara “otur”, “qalx” komandası vermək üçün istifadə edəcəkdik. Çünki milis müdaxilə edəndə insanları dərhal oturmağa çağırırdıq. Onlar bizi döyə bilərdilər. Şəhərdə söhbət gəzirdi ki, Vəzirovun dövründə ilk mitinq edənlərin qanı getdi, Rusiyadan çoxlu dəbilqəli xüsusi dəstə gəlib. Mən də ona görə insanların oturmasını nəzərdə tutmuşdum ki, oturarıq, hücum etməsinlər.

- 17 noyabr səhəri necə başladı?

- Həmin gün günəşli bir gün idi, həddindən artıq gözəl gün idi. Həm də bugünkü kimi həftənin cümə axşamı günü idi. Biz Bakı Dövlət Universitetinin yataqxanasının qarşısından yola düşdük, elə oradaca 200-300 nəfər bizə qoşuldu. Oradan “Elmlər Akademiyası” metrostansiyasına tərəf getdik. O zaman Yasamal rayonu Oktyabr rayonu adlanırdı. Mətbuat prospektini keçəndə rayonun milis rəisi və 4 nəfər milis qarşımızı kəsdi. Bizə hücum edib, plakatlarımızı əzdilər. Arxamızdan gələn nəhəng bir dəstə hücum edib milisləri dağıtdı, onlar qaçdılar. Mətbuat prospektindən Azadlıq meydanına qədər piyada getdik və bu yolda 8 dəfə qarşımızı milis kəsdi. O mübarizədə mən yaralandım, huşumu itirdim, al-qan içində qaldım, ancaq gedib meydana çatdıq. Hadisələr təsadüfən bu qədər gözəl alındı.

Universitet tələbələri axınla daxil olan zaman, hamısı bizi görüb, qoşuldular. Bütün tələbələri yığdıq, bəlkə də 10 min nəfərdən çox idi. Növbəti dəfə Hüseyn Cavid heykəlinin yanında 15 nəfərlik milis dəstəsi bizi saxladı, hücum etdilər. Plakatları əlimizdən aldılar, bir neçə nəfəri döyüb əzdilər. Ancaq biz çox olduğumuza görə çox dözə bilmədilər və kənarlaşdılar. Burada keçmiş “Əzizbəyov heykəli” adlanan əraziyə doğru getdik. Yolboyu insanlar qoşulurdu, binalardan sakinlər düşüb gəlirdi. “Əzizbəyov heykəli” dairəsində də önümüzü kəsdilər. Oradan Parlament prospektinə getmək istəyirdik. Qərara gəlmişdik ki, əgər Azadlıq meydanına qədər gedə bilməsək, parlamentin önündə mitinq keçirək, oradakı pilləkənləri tutaq, orada gecələyək. Moskva mehmanxanasının yanından nəhəng bir dəstə qabağımızı kəsdi.

Onlar adi milislər deyildi, əllərində qalxan, başlarından “kaska”, cəngavər formasından bir dəstə idi. Ətrafımdakı uşaqlar məni qoruyurdular, çünki mən olmasaydım, mitinqi açıq elan edən olmasaydı, bu, alınmayacaqdı. Maskalılar üstümüzə gələndə kütlə ani olaraq geri döndü və məni qoruyanlar da qəfil arxaya hərəkət edəndə mən yıxıldım, ayaq altında qaldım və qarın nahiyəmdən xəsarət aldım. Huşumu itirmişdim və ondan sonra nə olduğunu xatırlamıram. Bir də gözümü açdım ki, başımı divara söykəmişəm. Bir nəfər məni 8 nömrəli trolleybusa mindirdi və Axundov bağına çatanda gördüm ki, bizim uşaqların qabağını kəsiblər. Trolleybusdan endim, qabağa keçib bayrağı qaldırdım və hamı aşağı oturdu. Nəhəng bir kütlə yarım saatdan artıq buz kimi asfaltın  üstündə oturdu.

Sonra “Baksovet” tərəfdən (indiki İçəri Şəhər metrosu- L.N) böyük bir dəstə qız gəldi, onlar İqtisad Universitetinin tələbələri idi. Milis dəstəsinə hücum edib onları dağıtdılar, biz ayağa qalxıb yolumuzu davam elədik. Sabir bağına çatanda artıq getmək mümkün deyildi. Nəhəng bir kütlə yaranmışdı, ancaq idarəolunan kütlə idi. Əlimi qaldıran kimi hamı otururdu. Mənə onu da çatdırdılar ki, Azadlıq meydanında 50 mindən çox insan bizi gözləyir. Mənim bayraqlarım yolda qırıldı. Axşamdan gəlib yoxlamışdım, indiki Natəvan heykəlinin yanında taxta hasar var idi, hücum əmri verdim və bizim dəstə qəfil hücum edib hasarı dağıtdılar. Sonra milis kardonunu dağıtdılar. Hətta onların plastmas qalxanları da sındı. Artıq heç bir qüvvə bu nəhəng kütlənin qarşısında dayana bilməzdi. Oradan birbaşa Neftçilər prospektinə çıxdıq və meydana doğru irəlilədik. Meydanda bizi gözləyən o nəhəng kütlə ilə birləşdikdə, nəhəng bir insan seli əmələ gəldi.

- Təxminən neçə nəfər idi?

- İstintaqın materiallarında qeyd olunurdu ki, meydanda bizi 50 min nəfər gözləyirdi. Biz 13:40-da meydana çatdıq. Səhər saat 8:00-da çıxmışdıq və günorta 13:40-da çatmışdıq. Tribunadakı insanları düşürdük, onlar da tanınmış adamlar idi. Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digərləri. Mən tribunaya çıxdım, çıxış elədim və elan elədim ki, mitinq çoxgünlük olacaq. Üçrəngli bayraqlar qırıldığı üçün əlimdə Azərbaycan SSRİ-nin bayrağı idi.

- Tribunadakı digər hərəkat rəhbərləri ilə həmin dövrdə münasibətiniz necə idi?

- Münasibətimiz yaxşı deyildi, onlar axıra qədər məndən narazı qaldılar. Onlar başqa şey istəyirdilər.

- Nə istəyirdilər?

- İstəyirdilər ki, mitinqi onlar aparsınlar. Hazır mitinq idi, onu aparmağa nə var ki. Şairdir şeir oxuyacaq, biri gəlib mahnı oxuyacaq. Bizim tələblərimiz isə sırf siyasi idi. Tələbimiz bu idi ki, Dağlıq Qarabağda siyasi hökumətimiz bərpa olunmalıdır, komendant saatı elan olunmalıdır. Tələbin sonunda yazmışdıq ki, bu şərtlər 24, 48 və qeyri-müəyyən saata qədər həll olunmasa, heç vaxt meydanı tərk etməyəcəyik. Hökumətdən tələb edirdik ki, bizə burada ərzaq satılmalıdır. Həm də qorxurdum ki, insanlar çörək dalınca gedər, meydanı hökumət qüvvələri tutar. Sonradan bir tələb də əlavə etdik ki, SSRİ Ali Sovetinin deputatları Moskvada keçirilən sessiyada bizim tələblərimizi elan etməlidirlər, əgər elan etməsələr, onların Azərbaycana qayıtması məsləhət deyil.

- O zaman rəhbərlikdə, idarəetmədə təmsil olunan şəxslərdən gizli və ya aşkar şəkildə də aranıza qatılanlar var idimi?

- Gizli şəkildə qatılanlar var idi, onlar vəzifələrinin tələbi ilə bizi uzaqlaşdırmağa çalışsalar da, əslində bizə simpatiya duyurdular. Bizə çörək satışını təşkil edənlər var idi ki, insanlar meydandan dağılmasın. Mən tutuldum və bir müddət Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanıldım, orada  gördüm ki, daxili türmənin rəisi də meydanda imiş,  daxili işlər nazirinin müavin də orada imiş. Onlar casusluq edirdilər.

- O zaman meydanda olanlardan əksəriyyəti niyə sonradan siyasi meydanda qalmadı?

- Qalanlar da oldu. Məhəmməd Hatəmi, Sabir Rüstəmxanlı qaldı. Nemət Pənahlı meydana sonradan  qatıldı. Mən qarın nahiyəmdən ciddi zədə almışdım, getdim müalicə aldım və meydanın 3-cü günü gəldim. Onda Bəxtiyar Vahabzadə və  Xəlil Rza Ulutürk də mənimlə birlikdə gəlirdi, milis onları meydana buraxdı, məni isə buraxmadı. Ancaq istintaqda ifadə verəndə meydan hərəkatında iştirak edənlərin hamısı mənim üzümə durub ki, hər şeyi mən təşkil etmişəm, onlar isə gəlib mitinqi hazır görüblər. İstintaq materiallarında 17 noyabr mitinqinin yeganə təşkilatçısı məni göstərdilər. Mən də boynuma aldım ki, mən eləmişəm. Hamı deyirdi “sən artıq Sibirdəsən. Orada şalban daşıyanda ağlın başına gələcək”. Mitinqdən məni uzaqlaşdırmaq üçün əllərində arqument o oldu ki, guya məni hökumət adamları ilə danışıqlar apararkən görüblər. İstintaq isə heç vaxt bu iddianı sübut edə bilmədi.

- Bəs, meydan hərəkatının liderləri arasında hökumətlə danışıqlar aparan var idimi?

- İstintaqda hamısı bildirdi ki, o zamankı hökumətin tələbi ilə mitinqə gəliblər.

- Reallıqda da belə idimi?

- Bəli, hökumətlə əlaqələri var idi. Nemət Pənahlı özü 13 dəfə Vəzirovla görüşübmüş. Onlar özbaşına deyildi. İstintaqda da yazıblar ki, partiyanın tapşırığı ilə orada iştirak etmişik, hamısını Ənvər edib.

- Meydanda pul yığılırdı, o pullar haraya gedirdi? Sizin də xəbəriniz var idimi?

- Mən heç vaxt imkan verməzdim ki, ictimai yerdə pul yığılsın, bu cinayət idi və mənə qarşı idi. Mən pulu öz cibimdən xərcləyirdim, uşaqlara kökə və su aldırırdım. İkinci gündən sonra camaat bizə isti yemək gətirirdi, çay verən var idi. İnsanlar hər şeyindən keçməyə razı idi, təki biz meydanda qalaq.  İnsanlar elə bilirdi ki, biz burada dayanmasaq, ölkə dağılacaq, dayansaq hər şey Azərbaycanın xeyrinə olacaq. Qoca qadınlar əlləri əsə-əsə stəkanla çay gətirib paylayırdılar. Pul yığmağı Nemət Pənahlı başlatdı, milyonlarla manat pulun taleyinin necə olduğu bilinmədi. Pul məsələsində mən yox idim. Rus müstəntiqlər də mənə deyirdi ki, sən elə əclafsan ki, günlərlə mitinqi aparsan da bir dənə səhv tutmaq mümkün deyil. Biz sənin işlərini ancaq təhrif edib səndə səhv tuta bilərik.

- O mitinqin nəticəsi olaraq bir müstəqil Azərbaycan quruldu. O zaman arzuladığınız Azərbaycanla indiki Azərbaycanla eynidirmi?

- Qətiyyən. Dünyanın ən təcrübəli siyasətçisi də Azərbaycanı bu gündə görəcəyini düşünə bilməzdi. Torpaqlarımız işğal edilib, biz isə mahnı oxuyuruq, heç nə olmamış kimi həyatımıza davam edirik. Biz Azərbaycanı necə təsəvvür edirdik? Canından, ailəsindən, uşağından keçən... (kövrəlir).. Danışa bilmirəm... Biz insanları Azərbaycan Xalq Cümhuriyyətini yaradan insanlar kimi təsəvvür edirdik. Elə bilirdik ki, bizdə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd bəy Ağayev kimi insanlar olacaq. Mənim ağlıma gəlməzdi ki, mitinqdə imperiya əleyhinə danışanlar, içəridə imperiya müstəntiqlərinə əl çalacaq, onlara sağ ol deyəcəklər. Müstəntiqlər də təsdiq edirdilər ki, Ənvər Əliyev olmasaydı, Bakıda çoxgünlük mitinqi heç kim təşkil edə bilməzdi. O ifadələr istintaq materiallarında var.

- İndiki gəncliyi o dövrün gəncliyi ilə müqayisədə necə görürsünüz? Sizcə yatmış bir potensial var, yoxsa ümumiyyətlə yoxdur?

- Mən o dövrlə indiki dövrü heç cür müqayisə edə bilməzəm. O dövrdə bizdə milli düşüncə yüksək idi.

- İndiki gənclik o dövrə uduzurmu?

- Gənclik də uduzur... Hamımız uduzuruq. 50 ildən sonra tariximizi vərəqləyən insanlar bizə bəraət qazandırmayacaq. Əgər bu gün 10 milyonluq xalq torpaqlarının itirildiyi günü küçələrdə anmırsa, inciməyin, mən bu dövrü o dövrlə müqayisə edə bilmərəm. Hər bir xalqın tarixində belə dövrlər 20-30 ildən bir olur. Orada o qədər fədakar insanlar var idi ki, indi onlar yoxdur. O günlər müqəddəs günlərdir. O günləri ancaq vicdanı ləkəlilər təhqir edə bilər, iraq tuta bilər. Azərbaycan xalqının qanı ilə, vicdanı ilə tarixə yazdığı bir bayram var, o da ancaq və ancaq 17 noyabrdır.

Nərgiz LİFTİYEVA
Fotolar və video Məğrur Mərdindir
musavat.com

Əlaqəli xəbərlər