Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 11°C

Böyük alim, vətənpərvər insan...

Celal-Aliyev011.jpgMən Cəlal müəllimin ünsiyyət dairəsinə daxil olan azsaylı adamlardan biriyəm.Və bununla qürur duyuram. Ondan çox şeylər öyrənmişəm. Cəlal müəllim üçün xırda və əhəmiyyətsiz heç nə yox idi. Onun xarakterini iki sözlə belə ifadə etmək mümkündür: O, mətin və qayğıkeş bir şəxsiyyət idi. Mübariz, prinsipial, bəzən sərt olduğu qədər də həssas, duyğusal və kövrək idi. Məşhur bir söz var: ”Alim kitablar yazmalı, tələbələr yetişdirməlidir”.

Cəlal müəllim deyirdi ki, alim hər şeydən öncə bütöv xarakter sahibi olmalıdır: “Alim öz mövqeyi və prinsipləri üzərində formalaşır. Xaraktersiz alimin kitabları və tələbələri yarana bilməz”.Və əlavə edirdi ki, təkcə alimin və ziyalının yox, ümumiyyətlə, hər bir adamın özünəməxsus xarakteri olmalıdır. Onunla xarici səfərlərə getmişəm. Azərbaycanın rayonlarını gəzmişəm, seçiciləri ilə görüşlərində iştirak etmişəm. Bir dəfə rayona getməliydik. Səhər saat 09.00-da “Azneft” meydanında görüşüb, Saatlı rayonuna yola düşməliydik. Mən həmin yerə saat 08.50-də gələndə gördüm ki, Cəlal müəllim yola düşüb. Biz sürəti artırıb, onunla yolda görüşdük. Mənə heç bir irad bildirmədi, heç nə demədi. Amma mən lazım olan nəticəni çıxardım və həmin hadisədən sonra bütün vəd olunan görüşlərə lazım olan vaxtda yetişmək üçün saatımı yarım saat irəli çəkməli oldum. O, dəqiqliyi çox sevirdi. Həmişə təkrarlayırdı ki, lazım olan yerə lazımi zamanda yetişmək gərəkdir. Bu onun həyat prinsipi idi. Mən onu həmişə belə gördüm...

Heydər Əliyevin hakimiyyətə qayıdışının əsasında Cəlal müəllimin gərgin əməyi və qeyri-adi fədakarlığı dayanır

Rizvan-Vahaov.jpgBir qayda olaraq, hər Novruz bayramı ərəfəsində anası İzzət xanımın məzarını ziyarət edərdi. Atası Əlirza kişi ilə birlikdə Naxçıvanın taxıl zəmilərində başaq toplamasından danışarkən gözləri yol çəkir və xəyala dalırdı... Bəlkə də onun taxılçılığa olan həvəsinin bünövrəsi həmin vaxtlarda qoyulmuşdu. Cəlal müəllim yaltaq adamları birmənalı şəkildə sevməzdi və belələrini mümkün qədər yaxına buraxmırdı. Deyərdi ki, insan həyatdakı yerini özü müəyyənləşdirməli və vəzifəsini dərindən dərk etməlidir. Mərhum Cəlal Əliyev hər zaman bildirirdi ki, məsuliyyətini dərk etməyən adam potensial təhlükə mənbəyidir. Onun Heydər Əliyevə olan sonsuz sədaqətindən günlərlə, aylarla danışmaq olar. Bu gün hamı etiraf və qəbul edir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışının əsasında Cəlal müəllimin gərgin əməyi və qeyri-adi fədakarlığı dayanır. Dahi Öndərimizdən söz düşərkən sanki gözləri alışıb yanır, vəcdə gəlir, baxışlarında ölçüyəgəlməz dərəcədə bir qürur hissi duyulurdu. O, bildirirdi: “Qardaşım olduğu üçün demirəm. Heydər kimi şəxsiyyətlər dünyaya min ildən bir gəlir. Azərbaycan tarixində onunla rəqabət apara biləcək ikinci bir dövlət adamı yoxdur”.

Cəlal müəllim xarakterinə görə dürüst, fədakar, ədalətli və qorxmaz insan idi

Cəlal müəllim Azərbaycan elmində öz məktəbini yaradıb. Cəlal müəllim həm də kişilik, mərdlik məktəbidir. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, akademik kimi zirvələri fəth etmiş mərhum Cəlal Əliyev tək Azərbaycanda deyil, bütün dünyada tanınan şəxsiyyətdir. Şərəfli ömür yolu, elmi nailiyyətləri, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış dəyərli alimimiz Cəlal Əliyevin elmi və ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir. Cəlal müəllimin fəaliyyəti çoxşaxəli idi. Akademik, ictimai-siyasi xadim, millət vəkili kimi sanballı vəzifələr daşıyırdı. 40 ilə yaxın tanışlığım dövründə mən Cəlal müəllimi dərindən kəşf etməyə çalışdım. Onun haqqında danışanda həmişə bir həqiqəti təkrarlamağa məcbur oluram. Cəlal müəllim xarakterinə görə dürüst, fədakar, ədalətli və qorxmaz insan idi. O, həyatının bütün sahələrində və mərhələlərində eyni əxlaq, eyni prinsiplə yaşayıb. Üzləşdiyi çətinliklərə, məhrumiyyətlərə, haqsizlığa baxmayaraq, ruhdan düşməyib, mübarizliyindən və əqidəsindən bir addım da geri çəkilməyib, inamla, inadla yoluna davam edib. O, heç kimdən, heç nədən çəkinməyən, qorxmaz, əyilməyən məğrur bir şəxsiyyət idi.

Azərbaycanın ağrılı yeri olan Qarabağ həqiqətlərini dünyaya çatdırırdı

Cəlal müəllim üzərinə düşən hər bir missiyanın öhdəsindən vətəndaşlıq səviyyəsində gəlməyə çalışır və buna nail olmağı bacarırdı. O hər bir işə vətəndaşlıq yanğısı ilə yanaşırdı. Cəlal müəllim hər şeydən əvvəl böyük vətənpərvər idi. Akademik Vətənini sevən, dövlətinə vicdanla qulluq edən, torpağımıza, respublikamızım suverenliyinə qarşı çıxanlara münasibətdə çox barışmaz olub. Azərbaycanın ağrılı yeri olan Qarabağ həqiqətlərini dünyaya çatdırırdı. Onun Moskvada nəşr olunan "Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır" kitabı Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş əzəli torpaqları - Dağlıq Qarabağa həsr edilmiş elmi-tarixi mənbə kimi mühüm əhəmiyyət kəsb edir. Görkəmli alimin əsəri tarixi faktlarla, tarixçi-alimlərdən, xronikaçılardan gətirilən misallarla çox zəngindir. O, bu faktları və misalları oxucuya ustalıqla təqdim edir. Azərbaycan elminin ağsaqqalı Qafqazda, türk torpaqlarında öz dövlətlərini yaratmaq arzusunda olan erməni yaraqlı-siyasətçilərinin, daşnakların hiyləgər, ölçülüb-biçilmiş siyasətlərini ifşa edir, tarixən onlara havadarlıq edənlərin ikiüzlülüyünü lənətləyib. Müəllif tarixi hadisələrin məntiqi təhlili vasitəsilə XIX və XX əsrlərdə, sonralar Şərqi Anadoluda və Zaqafqaziyada erməni millətçi ekstremistlərinin əməllərini, əzəli Azərbaycan torpaqlarının - İrəvan xanlığının, Zəngəzurun, Göyçə gölü bölgəsinin, nəhayət, Dağlıq Qarabağın qəsb olunmasını şərtləndirən amilləri açır. Müəllif ermənilərin soyqırıma məruz qalması haqqında uydurmaya da münasibətini bildirir: "Ermənilərin Türkiyədəki genosid barədə tarixi qışqır-bağır, Avropa meşşanları və digər sadəlövh xristian xalqları arasında münbit şərait tapan, ağ yalan püskürən erməni ekstremistləri ələ keçirilmiş Azərbaycan-türk bölgələri: İrəvanı, Göyçəni, Zəngəzuru, Dağlıq Qarabağı əldə saxlamaq məqsədi güdür. Ermənilərin uydurduğu "genosid" onların özlərinə lazımdır. İşğalçılara istənilən arqument zəruridir. Genosid barədə yalan uydurmaq Dağlıq Qarabağ qəsbkarlarının xilasıdır". Akademik haqlı qəzəblə yazır: "Sovet quruluşunun sürətlə dağıldığı illərdə Azərbaycan xalqının problemləri dünyaya gərək deyildi. Rusiyanın informasiya blokadası öz iyrənc əməlini davam etdirib və etdirməkdədir".

Ulu Öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi” hesab edirdi

Kitabda 1988-ci ildən bəri dinc əhaliyə, sərnişinlərə qarşı törədilmiş erməni terror aktları haqqında da danışılır, Xocalı faciəsinin şahidinə söz verilir. Akademik Cəlal Əliyev maraqla oxunan əsərini ermənilərin "Böyük Ermənistan" xülyasına münasibət bildirməklə bitirir. O, qeyd edir ki, bu, "ağılsız, qeyri-real, dinclik tapmayan Qafqazda sülh üçün təhlükəli ideyadır. Azərbaycan cəmiyyəti Cəlal Əliyevi Ümummilli Liderimiz Heydər Əliyevin yaxın silahdaşı, əqidə yoldaşı və mübariz bir insan kimi tanıyır. O, bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə, Heydər Əliyevçiliyə bağlı olan insan idi. Cəlal müəllim fədakar qardaş, fədakar ictimai xadim idi. Onun Heydər Əliyevə olan münasibəti ilə Azərbaycan uğrunda apardığı əzmkar mübarizə arasında paralellər də aparmaq olar. O, həmişə Heydər Əliyevin yanında olub, çətin sınaqlarda və şərəfli dövlət quruculuğunda çiyin-çiyinə mübarizə aparıb. Kiçik qardaş kimi Cəlal müəllim Heydər Əliyevə, onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən böyük mübarizə cəbhəsi açmışdı. 1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçməmişdi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilirdi. "Pravda", "Sovet kəndi" və başqa qəzetlərdə Heydər Əliyevə və onun qardaşlarına saysız-hesabsız böhtan yağdırılırdı. Məqsəd aydın idi, Cəlal müəllimi zərərsizləşdirmək, susdurmaq. Görülən tədbirlər Cəlal müəllimi yolundan çəkindirə bilmədi. Onu tanıyanlar deyirdilər ki, Cəlal Əliyev çox cəsarətli şəxsiyyət olub. Heç nədən qorxmayaraq, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi. Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi. İstər alim, istərsə qardaş və hətta ictimai-siyasi xadim kimi də Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən yaşamaq. Həmişə dərin inam hissi və yorulmaq bilməyən fəaliyyəti ilə zəngin və qüdrətli Azərbaycan quruculuğunun ön sıralarında olub, ölkəmizin xoşbəxt gələcəyi naminə çalışıb. Ulu Öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi”hesab edirdi.

Cəlal Əliyev həm də Azərbaycan elminin canlı əfsanələrindən sayılır

O, respublikamızın müstəqilliyi və dövlətçiliyi təhlükə altında olanda Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı üçün həyatını təhlükəyə atdı, ölümdən belə qorxmadı. Buna görə də Cəlal müəllimi əsl fədai hesab etmək olar. O, fədakarlığı və cəsarəti ilə neçə-neçə insana örnək olan, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında əvəzsiz xidmətləri olan və YAP-ın “Qızıl Fondu”nda nadir şəxsiyyətlərdən biri kimi möhtəşəmləşən ziyalılardandır. Cəlal müəllim prinsipial, qətiyyətli şəxs idi. O, yeganə elm xadimidir ki, Sovet İttifaqı Kommunist Partiyasının rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etdi. O, 1991-ci ildə Elmlər Akademiyasının Partiya Komitəsinə ərizə yazaraq,  könüllü olaraq partiya üzvlüyündən imtina etdi. Onun yazdığı ərizənin mətni bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır. O, ərizəsində yazırdı ki, bütün 62 illik ömrü boyu xalqa, vətənə təmənnasız xidmət edib: “Sağlamlığımı, firəvanlığımı, ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız qanlarda, xalqın alçaldılmasında iştirakçı olmaq  və bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir". Cəlal Əliyev həm də Azərbaycan elminin canlı əfsanələrindən sayılır.

Şəxsi mənzili olmadığından, 40 yaşına kimi başqa evlərdə yaşamışdı

O, alim kimi fərqli və çətin bir yol seçib. Onun heç kimə bənzəməyən, heç kimi təkrarlamayan unikal elm və həyat yolu olub. Onu yaxından tanıyanlar bilirlər ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından, 40 yaşına kimi başqa evlərdə yaşamışdı.

Cəlal Əliyev qayğıkeş və sadə insan, humanist şəxsiyyət kimi də qəlblərdə silinməz iz buraxıb. Onun böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. O, imkanı daxilində insanlara qayğı, diqqət göstərib, neçə-neçə alimin, savadlı kadrların köməyinə çatıb, bir çox hallarda haqsızlıqlarla üzləşən elm fədailərinə arxa, dayaq olub, hər cür yardım göstərib, ancaq heç vaxt yaxşılıqlarını dilə gətirməyib, üzə vurmayıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub. Elmi ixtiraların dünyanın ən nüfuzlu elmi-tədqiqat institutlarında, iri sənaye müəssisələrində tətbiq olunmasında müstəsna xidmətləri var.

Mən onun xiyabandakı məzarını tez-tez ziyarət edirəm

Ömrünün 50 ildən çoxunu elmi fəaliyyətə həsr edən Cəlal Əliyev böyük alim kimi özündən sonra zəngin irs qoyub. Onun yaratdığı elmi məktəbin yetirmələri olan onlarla elmlər doktoru və elmlər namizədləri Cəlal Əliyevin zəngin elmi irsini layiqincə davam etdirir. Onun elmi araşdırmaları, nailiyyətləri yetişdirdiyi alimlər və mütəxəssislər üçün dərin elmi mənbədir. O öz elmi ixtiralarını vətəndaşlıq ehtirası ilə uzlaşdırırdı. Onun yeni, məhsuldar buğda növləri ölkənin ərzaq təhlükəsizliyinə verdiyi əvəzsiz töhfədir. Bu gün taxılçılığın inkişafı bir nömrəli vəzifəyə çevrilib. Cəlal müəllimin dövlət və xalq qarşısındakı əvəzsiz xidmətləri, çoxşaxəli ictimai və elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq fərmanla ən ali dövlət mükafatına - "İstiqlal" ordeninə layiq görülüb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Şərəf" ordeni və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Cənab Prezident Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Cəlal Əliyev şərəfli və mənalı, hamıya örnək olan bir ömür yaşadı. Cəlal müəllim bu gün xalqımızın fəxr ünvanı olan bir müqəddəs xiyabanın əbədiyaşar sakininə çevrilib. Mən onun Fəxri Xiyabandakı məzarını tez-tez ziyarət edirəm. Bu yazını redaksiyaya təqdim edəndən öncə,  bir vaxtlar Cəlal Əliyevin rəhbərlik etdiyi institutun kollektivi ilə onun məzarını ziyarət etdik, sonra mərhum Cəlal Əliyevə həsr olunan elmi konfransa qatıldım.

Allah sənə rəhmət eləsin!

Doğum günün mübarək, Cəlal müəllim!

Rizvan Vahabov,
   YAP Siyasi Şurasının üzvü

Əlaqəli xəbərlər