Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

Akademik Vətəndaş

Celal_Eliyev-310107_2.jpg

Akademik Cəlal Əliyevin vəfatından bir il keçir...

Cəlal müəllimin fəaliyyəti çoxşaxəli idi.

Akademik, ictimayi-siyasi xadim, millət vəkili kimi samballı vəzifələr daşıyırdı.

O, üzərinə düşən hər bir missiyanın öhdəsindən vətəndaşlıq səviyyəsində gəlməyə çalışır və buna nail olmağı bacarırdı.

O, hər bir işə vətəndaşlıq yanğısı ilə yanaşırdı.

Mən deyərdim ki, vətəndaşlıq duyğusu və məsuliyyəti onun hər cür intellektual, elmi, ictmayi -siyasi potensialının fövqündə dayanırdı: nəinki fövqündə dayanır, hətta onu yönləndirir, həyatının istiqamətini cızırdı.

Rusiyalı akademik həmkarlarından biri onu “kompramizsiz alim” kmi dəyərləndirmişdı.

Bu qiymətləndirmənin dəqiq və obyektiv olması şəksizdir.

Elmi mülahizələri bir kənara qoyaq . Və təbii ki, bu həm də mənim imkanlarım xaricindədir.

Amma mən onun elmə münasibətdə praktik “kompramizsizliyinin”, prinsipiallığının dəfələrlə şahidi olmuşam.

Yaxşı yadımdadır, 90-cı illərin ortaları idi. Bir-neçə nəfər Cəlal müəllimlə isti rəftarından yararlanıb ona özəl institut təsis etmək barədə müraciət etmişdi. Cəlal müəllim bu mövzunun müzakirəsini belə yaxına buraxmadı.

Onun həmin adamlara verdiyi sərrast cavabı olduğu kimi xatırlayıram:

“Mən biznesin əleyhinə deyiləm. Günün reallığı belədir. İnsanlar layihələr fikirləşir, həyata keçirib pul qazanırlar. Ancaq təhsilə toxunmaq olmaz. Təhsil millətin, dövlətin gələcəyidir. Nə edirsiniz edin. Millətin gələcəyinə əl uzatmayın. Bu cinayətdir. Bir də bu barədə mənə müraciət etməyin."

Cəlal müəllimlə dəfələrlə yol yoldaşı olmuşam, onun seçiciləri ilə görüşlərində, seçki kompaniyalarında iştirak etmişəm.

Və bir dəfə olsun belə mən onun xırda, məişət səviyyəsində müzakirə açdığını görmədim.

Məişət onun üçün sonuncu və çox zaman unutduğu bir yerdə dayanırdı.

Təsadüfi deyil ki, o kommunist partiyasının sıralarından istefa haqqındakı ərizəsində “ailə səadətini elmə qurban verdiyini” yazır və etiraf edirdi.

Düzdür, Cəlal müəllimin gözəl ailəsi, onu başa düşən həyat yoldaşı vardı.

Eyni zamanda, Cəlal müəllimin elmi fəaliyyəti uğurlarla yanaşı onun özünə və ailəsinə çətinliklər, məhrumiyyətlər də yaşatmışdı.

Akademikin ayrı-ayrı şəxslərə verdiyi qiymət də kompramizsiz idi.

Alimin elmindən daha çox xarakterini önə çəkirdi:

“Alimin, elm xadiminin öz xarakteri olmalıdır”

O, tez-tez akademik Heydər Hüseynovdan söz açardı.

Onun “19-cu əsr Azərbaycan ictimai-fəlsəfi fikrinin tarixindən “ əsərinə görə aldığı yüksək dövlət mükafatını son qəpiyinə kimi uşaq evinə köçürməyini, nədən, hansı səbəbdən intihar etdiyini ilk dəfə Cəlal müəllimdən eşitmişəm.

Xüsusi vurğulayırdı ki, Heydər Hüseynov əsl ziyalı, həqiqi filosofdur:

“O, birmənalı olaraq öz məsləki uğrunda həyatından keçən əqidə şəhididir.”

Mən “əqidə şəhidi” ifadəsini ondan ikinci dəfə 1990-ci ildə , “Azərnəşr”in direktoru Əjdər Xanbabayev amansızcasına qətlə yetiriləndə eşitdim...

Cəlal müəllim Əjdər Xanbabayevın fəaliyyətinə yüksək dəyər verirdi.

Təsadüfmü, bizim izah edə bilmədiyimiz bir sirmi,- deyə bilmərəm. Əjdər Xanbabayevin çalışdığı nəşriyyat akademik Heydər Hüseynovun yaşadığı binayla üzbəüz yerləşir.

Hər dəfə yolum “Azərbaycan” prospektinə düşərkən, hər üçünü -Cəlal müəllimi, Heydər Hüseynovu, Əjdər Xanbabayevi böyük qürur

hissi ilə anır, tanrıdan rəhmət diləyirəm.

Mən onun düşüncəsinin miqyasına və genişliyinə heyran qalmışdım.

Vaxtilə Azərbaycan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Xəzər” elmi sektorunun ləğv edilməsindən danışarkən həyəcanını gizlədə bilmirdi.

Deyirdi ki, bu mərkəzin ikiüzlü siyasətinin, Azərbaycana qərəzli münasibətinin göstəricisidir:

”Xəzər bizim milli sərvətimiz, tariximizdır. Tədqiqat obyekti kimi həmişə aktualdır. Xəzərin problemləri ilə bir elmi şöbə yox, bütöv bir-neçə elmi- tədqiqat institutu məşğul olsa yenə azdır. “Xəzər” elmi bölməsinin bərpası olduqca vacibdir. Bu məsələni müvafiq strukturlar qarşısında mütləq qaldıracağam.”

Çox təəssüf ki, Cəlal müəllim vədini yerinə yetirə bilmədi. İşlərinin çoxluğu və səhhəti buna imkan vermədi.

Ancaq mən əminəm ki, səlahiyyətli qurumlar “Xəzər” elmi bölməsi ilə bağlı mərhum akademikin gerçəkləşməyən arzusuna biganə qalmayacaq.

Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində Ulu öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi“ hesab edirdilər.

Bir-neçə gün əvvəl, bir mövzuyla bağlı həmin dövrün arxivimdə saxladığım qəzetlərini yenidən vərəqləməli oldum.

Cəlal müəllimin keçdiyi mübarizələr yolu yenidən gözlərim önündə canlandı. Bir daha yəqin etdim ki, o, hadisələrə hər şeydən öncə Azərbaycanı sevən böyük bir vətəndaş əzmi ilə yanaşıbdır..

Cəlal müəllim öz elmi məktəbi olan alimdir.

O, öz elmi ixtiralarını vətəndaşlıq ehtirası ilə uzlaşdırırdı. Onun yeni, məhsuldar buğda növləri ölkənin ərzaq təhlükəsizliyinə verdiyi əvəzsiz töhfədir.

Bu gün taxılçılığın inkişafı bir nömrəli vəzifəyə çevrilib.

İnanıram ki, Cəlal müəllim post-neft dövründə də ən çox müraciət olunan elm adamlarından biri, nüfuzlu mənbə kimi həmişə və tez-tez xatırlanacaq..

Rizvan Vahabov,
YAP siyasi şurasının üzvü

 

Əlaqəli xəbərlər