Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 9°C

NÜVƏDİ--KƏNDİM, BAKI--ŞƏHƏRİM...

Əli Vəlioğlu.

Nüvədim mənim. Şəhərdə kənd xəcaləti. Min bir rəngli, min bir ilməli, naxışlı xatirələrim mənim.
Doğulduğum, boyatdığım, böyüdüyüm ana Vətənim. Körpəliyim, uşaqlığım, atalı-analı dünyam mənim. İstisi doğma, soyuğu doğma kəndim-Nüvədim.

Bakım mənim. Kənddə şəhər vüqarım. Yaşımım 50-sində qismətimə düşəm şəhərim. Uşaqlıqda əlçatmaz dünyam, gəncliyimdə qucağına can atdığım həsrətim, qibtəm, şəhərim. 
Nüvədim--min bir əzablı, min bir əziyyətli, qıt-kəsadlı kəndim.
Bakım--bolluq, min bir nemətli, kənd əzabından xilas, şəhər əzablı şəhərim.
Nüvədim--Bakım. Təzadlı kəndim--şəhərim.
Çox-çox şeylərdən qıtlıq çəkən, təbiətin min bir əliylə gəlin tək sığallı, fəsillərin səxavətindən bəzəkli kəndim.
Hər şeydə həddini keçən, darısqal, təbiət xəsisliyinə düçar olmuş şəhərim.
Dağlı-təpəli-dərəli, doğma yollu, çəhlimli-cığırlı, kollu-şulumluqlu, zümrüd meşəli, buzbulaqlı, saf havalı, dumanlı-çiskinli, ceyranlı-cüyürlü, kəklikli, Arazlı, Cənublu kəndim. 
Çöllü-biyabanlı, şoran torpaqlı. neftli-mazutlu, dağsız, meşəsiz, bulaqsız, kəkliksiz, ceyransız, Xəzərli şəhərim.
Bir-birindən gözəl, bənzərsiz, füsunkar dörd fəsilli kəndim mənim.
Baba-nənələrimizin təzə--üç günlük Ayparasına salavat çevirdiyi, gecələri ay haləli, Ayın süd işığında üzən təkəmseyrək zəif işıqlı-sönük ulduzlu, göz-gözü görməyən zülmət gecəli; belə gecələrdə sıx, parlaq ulduzlu, Cənubdan Şimala uzanan Samanyollu, qırmızı Mars, xısın-xısın bir-birinə sığınan və hər gecə bir saat bir mənzil yubanan ÜLKƏR ulduzlu, ağıryerişli, ağırdönüşlü Böyük AY bürclü, göyləri min bir möcüzəli, min bir ehtişamlı--buludlu, dumanlı, şimşəkli, hava gurultulu, dolulu, çiskinli, yağışlı, gürşadlı kəndim mənim.
Süd işıqlı Aylı gecəyə, Ay haləsinə, zülmətli gecələrə, seyrək kor közərən ulduzlu, Ülkər ulduzu, Böyük Ay bürcü gözədəyməyən, min bir möcüzəli gecələrə həsrətli şəhərim mənim.
Allahın əliylə dağlarına, meşələrinə, çəmənlərinə min bir sığal çəkilmiş, güllərdən-çiçəklərdən rəngini-ətrini almış, sal qayalar, uca dağlar arasında zamanla yaşıd kəndim.
Allahın bəxş etdiyi mavi gözlü, qırçınləpəli, Xəzərli; memarların, heykəltəraşların əlləriylə cilalanan əzəmətli binalı, abidəli, metrolu şəhərim.
Dar, əyri küçəli, heykəlsiz, parksız, meydansız, 1-2 mərtəbəli, 8 məhəlləli, 3 kəhrizli, dərələri saf, sulu, axar çaylı, min bir bulaqlı kəndim.
Prospektli, bulvarlı, 1-18 mərtəbəli, muzeyli, idman meydançalı, Qızqalalı, 11 rayonlu, çox millətli Bakım mənim, şəhərim mənim.
Səssiz-səmirsiz, növbəsiz, çörəyi daşdan çıxan kəndim mənim.
Səsli-küylü, uzun növbəli, çörəyi rüşvətdən, soyğunçuluqdan çıxan; rüşvətlə, daydayla işləri aşan, mənəvi yoxsulluq içində boğulan, xəstəxanaları, ali məktəbləri, idarələri, inzibatı yerləri soyğunçularla ağzınadək dolu şəhərim.
Saf bulaqlı, təmiz havalı Nüvədim mənim.
Kranları Kür dadlı, havası neft-mazut, kükürd iyli, qoxulu Bakım mənim.
Xoruzun üçüncü banından yuxusu qaçan, yay gecələrində İsaq-Musaq quşunun səsi başına səpələnən, payızın dumanlı-çənli gecələrində Bağdad elinə ünvanlanan, yolunu azmış, səfləti pozulmuş durnaların haray səsindən, qatar-qatar dəstənin başında ana durnanın ünvanlarına aram-aram çağırışından qərib--qəmgininin niskilini özündə yaşadan kəndim.
Aramsız maşınların gurultusundan, ara-sıra uçan təyyarələrin uğultusundan, fövqəladə vəziyyət keçirən, gecələr rus tanklarının gurultusundan, canilər tərəfindən açılan güllələrin səsindən hərdən binaların partladılmasından, Bakı küləyinin gurultusundan vəsvəsəli, yuxusuna haram qatılmış şəhərim.
Şəhərləri, şəhərliləri yedirdən kəndlər, kəndim.
Kəndləri, kəndçiləri yeyən şəhərim.
Yayın cırhacırında, qorabişirən İyul- Avqust ayının yandırıcı istisindən səfalı yaylaqlara, dağlara pənah aparan, el sınağıyla Avqustun beşindən "Ülkər doğdu" anından hərarəti sönməyə başlayan kəndim.
Yayin istisindən, asvaltların boğuq, üzyalayan alovundan nəfəsi təngiyən şəhərim.
Başının üstündə qara buludları kəllələşən, qorxunc gurultusundan nənələrimizin dodaqlarından qopan "Əşhədü-ənna-ilahə illəllah!" tükürpədici çağırışından göyün xətasından qurtarmaq ümidiylə təsəlli tapan, göylərin aramsız şimşəyindən, gurultusundan göyün yerə zülmətindən bağrı yarılan kəndim. Uşaqlıq ağlımızla bu gurultuların möcüzəsindən baramalar kəndin qarşısında ürək şəkilli nəhəng sal qaya irilikdə olması arzusuyla səsimizi göyün gurultusuna qatıb çığırardıq:: "BARAMAM ÇATDAG DAŞI"--(əslində BARI--allah, AMAN çatdad daşı, yəni xətanı daşlara çax)--uşaqların sevinc harayından daha da vahimələnən kəndim. Göyün qəzəbindən yağışı gurşada çevrilən, gur sel-sudan dərələri, təpələri yıxılıb uçurulan, bağların, arxların, küçələrin xarabaya çevrilməsindən novrağı pozulan kəndim.
Bunlardan xəbərsiz şəhərim. 
Gözəllikləri təbiətindən, fəsillərindən, dağlarından, dərələrindən, yamaclarından çəmənliklərindən, meşələrindən duyduğum kəndim.
Gözəllikləri yaraşıqlı qədim binalarından, abad parklarından, yaraşıqlı bulvarından, sinəsiqabarlı, qırçın ləpəli Xəzərindən, canalan qaragözlü, ağüzlü gözəllərindən aldığım şəhərim.
Boyük konsertlər, sirklər, yubiley gecələri, beynəlxalq idman oyunları görməyən; böyük sənət ustalarından, alimlərindən, görkəmli şair-yazıçı, rəssamlardan məhrum olan kəndim.
Bütün bunlarla tünlüklü, başıqarışıqlı şəhərim.
Baharı qaranquş, bənövşə--xallı kəpənəklərin görüntüləriylə müjdəsini aldığım; ərik, alça, gilas, gilənar, hulu, alma, heyva, nar.... çiçəklərlə muştuluqlanan kəndin mənim.
Baharı ürəkaçmayan şəhərim.
Qışın gəlişindən xəbər verən dağların başında qırov bağlamış ağacların, kolların fərəhsiz görünüşündən qışa çoxdan hazırlaşmış; qışı böyük çilləyə, kiçik çilləyə, həftəlbağıda bölünən, axşamdan səhərədək papaq--papaq yağan qar altında nəfəsini içinə çəkən, günaxşama kimi damlardan qarı tökülən, isti evli, heyvanları tövlədə bağlı qalan, evlərin damörtüyündən, qayalardan, daşlardan buz salxımlarından naxış alan, dərələri qardan təpə bağlayan, yayın ortasında dərələri, selabları şəpə saxlayan kəndim.
Bu mənzərələrə həsrət, yad; qışı gözümə dəyməyən, soyuq binalı Sibiri xatırlayan şəhərim. 
Qışda çölləri, meşələri, dağları canavar, pələng, şir, ayı qorxulu kəndim mənim.
Gecələr küçələrə soyğunçu qorxusu çökən. "Evdən çıxıb, bir daha evə qayıtmayıb" televiziya xəbərlərinə alışan, "Filan döngədə naməlim meyid tapılıb", "ev yarılıb", "Əxlaqsızlar yuvası aşkar olunmuşdur", " Narkotik qaçaqçıları saxlanılıb". "Uşaq oğruları yaxalanıb"... xəbərlərdən qulaqları dolmuş şəhərim.
Nəqliyyat qıtlığından itqırxan, adamları günlərlə stansiyada, dəhnəbaşında maşın gözləyən; adamları sürücülərdən, dükançılardan, bağbanlardan, talançı rəhbərlərdən asılıqalan, müəllimi həmin adamların yekəxanalığı qarşısında cılızlaşan, erməniləri yallayan, yaltaq, satqın rəhbərli kəndim mənim, Nüvədim mənim. 
Nəqliyyatı ityolunda, küçələri maşın əlindən keçilməz, addımbaşı dilənçisi əskik olmayan, dilənçisi ilə milyonçusu bilinməyən, maşın-adam qəzalı, kirovların, şaumyanların, fialetovların, çaparidzelərin, abidələrinə gül çələngi qoyulan, nişanlıların toy ərəfəsində "qızıl ordu" abidəsinə ziyarətləri və çələng qoyma adətli, qorxaq, beynəlmiləlçi şəhərim mənim. 
Ağıllısı, savadlısı, bacarıqlısı şəhərə qaçan, səhərli görəndə heyranlığını cilovlaya bilməyən kəndim.
Heyvərəsi belə kəndi bəyənməyən, kəndi görmək istəməyən, kəndlilərdən yayınan, kəndin meyvəsini, nemətinin xarab olmuşunu xırıtlayan şəhərim.
Ədalət görmədiyim kəndim, ədalət görmədiyim şəhərim. Arzumu təmin edə bilməyən, qəlbimin boşluqlarını doldura bilməyən kəndim, şəhərim.
Kəndə sığmadığım Nüvədim. Şəhərə sığmadığım Bakım. Sevdiyim, itirdiyim kəndim, Sevdiyim, incidiyim şəhərim. Ayrıla bilmədiyim, hər gecə yuxuma girən Nüvədim mənim... Ayrılmaq istəmədiyim heç vaxt yuxuma girməyən Bakım mənim .

 

 

 

 

Əlaqəli xəbərlər