Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

KƏNDİMİZİN QOCALARI

Eli_Velioglu.jpg
Əli Vəlioğlu

Uşaq idik. Boy atdıq. Yavaş-yavaş cavanlaşdıq. Kəndimizi yaşlılarla, dünyagörmüş qocalarla dolu gördük. Elimizin sözü-söhbəti idilər. Keçmişlərdən danışan, gələcəkdən xəbər verən, inamımız, güvəncimiz, məsləhət, nəsihət və ümid yerimiz idi onlar. Kəndin toyunun da, yasının da ağası, sevincinin, faciəsinin də arxa-dayağı olan qocalar - elin bütün ağrısına-acısına sinə gərən, şənliyinə toy-düyününə çiyin verən qocalar. Birgə durub, birgə oturardlar. Dərdləri bir, söhbətləri bir olardı. Nüvədinin Məscid düzündə, anbarın qabağındakı Niftəli Bəyin köşgünün batmış damının divarı üstündə axşam edərdilər günlərini. Uşaq vaxtı da, cavanlıq dövrümüzdə də biz də tay-tuş kimi onlara qoşular, şirin söhbətlərindən doymazdıq, nahar, axşam yeməyi yadımıza düşməzdi sanki.

     Bir vərdişli, bir nizamlı ağsaqqallar ədəb-ərkanla hər gün Məsçid düzünə yığışardılar. Həbib dayı, oğlu Tağı, Ələkbər dayı, qardaşı Uzun Dünyamalı, sınıqçı, sonralar dükançı Əlməmməd, poçtalyon Pənah, məzəli Səmi əmi, kəndin ortasında da əlində ya da belində dəhrə ilə gəzən Abbas kişi, Nuru paşa, pencəkləri çiyinlərindən enməyən fors Əli, Abdulla bəy; siqaretdən ağ bığları saralımış Vahı əmi, Məstan dayı, gödək Qara, uşaqlı-böyüklü, hamının tay-tuşu, hazırcavablı, təmiz əqidəli, “yaşı həmişə 150 il olan” Əziz, şirin söhbətli Adil dayı, gur səsi, məntiqli və təpərli danışığı ilə fərqlənən qardaşı Kamil, Sağlar, Rüzigar... Riyaziyatçı Calal, şair--tədqiqatçı qardaşım Həmzə, qolunda müharibə yadıgarı daşıyan Məhiş, Həzi, Süleyman müəllimlər... Hərənin öz yeri, öz məqamı, öz səmti vardı. Biri-birinin sözünü kəsməzdılər. Hamı danışana qulaq asardı. Söhbətlər tez-tez səmtini dəyişərdi. Maraqlısı da olardı, gülüş doğuranı da... Düşündürücü, ibrət və əxlaqverici söhbətlər daha çox olardı.
Qocalar kəndimizin əzəmətli palıd gövdəli, nəhəng çinarları idilər. Daha yaşlılardan Cobu kişi, Sultanəli, Ələsgər bəy, usta Vəli, qara Yunus, Ağalar, dərzi Məstan, Məşəd İsa, Hüeynəli Bəyin nəvəsi İbiş Həsənov, İbiş Əliyev, Nəhməd və Məhəmməd qardaşları, dəmirçi Kəlbeli, bağban Ramazan, Məhəmməd, Əmir, Musa və onların həmyaşıdlarının yaxaları qocalığın əlində öz günlərinin ifaçısı idilər. Uşaq təfəkkürümüzə görə bu nəhəng, əzəmətli çinarları tufanların da gücü çatmazdı əysin, yerindən tərpədə bilsin. Biz uşaq və cavanlar da arxa bildiyimiz bu nəhəng çinarların kölgəsinə yığışardıq. Bir gün qocaların yığıncağı olmasaydı darıxardıq. Yəqin onlar da özlərini bizə tay-tuş hesab etdiklərindən bizsiz darıxırmışlar.
Əlləri kolxoz işinə bağlanan ortasinli çobanlar, bağbanlar, briqadirlər öz işlərində, öz güclərində olduğundan, kəndin bu cür yığıncaqlarına gələ bilmirdilər, yaxaları kolxozun əlində qalmışdı.
      Bir gün çinar qocalardan biri dünyasını dəyişdi. Elə bildim meşədən nəhəng bir ağac kəsildi. Həmişə səsi ilə qaynayan, aşıb-daşan kəndi bir həftə süküt bürüdü. Köçüb gedən babanın isə Məsçid düzündəkı yeri həmişəlik boş qaldı. Yaddaşlardan, xatirələrdən silinənə kimi yeri görsəndi.
İllər ötdükcə palıda bənzər qocalar bir-bir kəsildi zamanın əliylə, göylərin hökmüylə, fələyin tale vahidiylə. Kəsildikcə meşə azaldı seyrəldi... Beləcə bir qərinəmiz gözümüzün qabağındaca seyrələn ağaclar qərinəsi kimi ötüb keçdi. Qəlblərimizi itirdiklərimizin ardınca göynədə-göynədə keçdi...
İkinci qərinə də gəlib beləcə keçdi. Bir zaman göz açıb gördük ki, biz və bizdən bir addım qabaqda olanlardan çoxları köçün sürüb. Qalanalrımız isə 70-75 yaşa çatmışıq. Onda duyduq ki, aha, gördüyümüz qoca palıd, ucaboy çinar ağaclarından artıq biri də gözə dəymir. Meşə tamam qırılıb qurtarıb. Kəndimiz boşalıb. Hətta qoca çinarları əvəz edəcək 70-dən yuxarı sinni tay-tuşlarımızdan da yarıdan çoxu yoxdur... Səba yeli bizim sinnə də bafa əsib.
    Çinar boylu qocaların özləri kimi də mələk xasiyyətli pəriləri vardı: Balaxanım, Mercan, Xeyrənsə, Sara xalalar, Tubuş, Şahlıq, Aynişan, Əzəmət, Şapı, Laçın, İmmiş, Miniş bibilər, anam Pərizad, Tovus - Ruqəyya bacıları, Xansənəm, Anaxanım, Sara, Fatmanisə, Cobu, Mədinə, Dilbər, Mehriban, Məncə, Pərzad, Bənövşə, Ağabəyim xalalar, Abgül-Xəriş -, Seyran-Ceyran-Xəccə -, Zərovşan- Seyran-Etibar-, Firəngiz-Xəccə-, Nisə-Sədəf bacıları və nə qədər, nə qədər belə bibilər, xalalar, bacılar, qeyrət, ismət, həya, şərəf, analıq, insanlıq mücəssəməsi olan pərilər, mələklər... Bir ölçülü, bir biçili, bir simalı; toyları, bayramları bir, yasları, tasları, təndirləri bir nənələr, pozulmaz, dəyişilməz adətləri bir, ənənələrin daşıyıcıları, bir ölçüdən, bir qəlibdən çıxmış qızıl xasiyyətli insanlar. Onlar da iki qərinə ərzində yoxa çıxdılar, durna qatarından ayrılıb bir-bir itdilər havada sanki. Cənnətə köçüb hurilərə, göyə yüksəlib mələklərə tay oldular.
    İki qərinə ərzində bizlər də 70-75 yaşa dolduq. Yaşlaşdıq, seyrəldik. Qoca çinarları əvəz edəcək yaşlı tay-tuşlarımızdan yarıdan çoxu yoxdur artıq: ambardar Zakir, dükançı Bəzzat, dəmiryolunun briqadiri Nüsrət, Aydın və Qaçay (Hüseyn) həkimlər, Adil oğlu Qabil, sürücülərdən Fərəc, İzzət, Qüdrət, Vəli, Əlverdi; İdris, Məhərrəm Abasov və Məhərrəm Fərəcov, Elma müəllimə, Ibrahim, Paşa, Camal, Mirzə, Həsənqulu, Qüdrət, Səməd, Hacı, Əjdər, Qurban, Qadir müəllimlər; cavanlıq kitabları tamamlanmamış analarının ürəyinə dağ-düyün vurmuş Akif, Emil, Əli-Zamir qardaşları, Lətif, Nüsrət oğlu Kazım, Qarabağ döyüşündə Vətənə qurban getmiş igidlərimiz Xaqani, Əvəz, Əli, Musa... Eh daha kimlər, kimlər?!... Bu çarxı dönmüş dünya mənzərəsindən nəfəs əvəzinə qəhər boğazımda tufan qoparır bu sətirləri yazdıqcan, xəyallara vardıqcan.
     Ah, nə qədər çətinmiş bu itkilərə dözmək, düşünmək...
İndi mən və sinnləri 70-dən yuxarı olan yaşıdlarım bir qərinə əvvəl 38-42 yaşlı qoca sandığımız adamların səviyyəsinə çatmadığımızı düşünürük. Bizə elə gəlir ki, 75-80 yaşlı qocaların ömür zirvəslərinə yüksəlmək üçün bizə hələ iki qərinə də vaxt lazımdır. Doğrudan da insan qocalır, qəlb qocalmır.
       Ah, nə ağırdır kəndin bütün ağsaqqal və ağbirçəklərini itirmək, Qocalardan boş qalmış kəndi itirmək! Keçmişdən əllərimiz üzülüb. Hər şeyi onlardan soruşardıq, öyrənərdik. Başdan ayağa müsibətdir keçmişlərin itkisi, tay-tuşların seyrəlməsi!...
İndi isə bu qocaların və xəyallarımızın beşiyi NÜVƏDİNİ də itirmişik.
Keçmişdəkilər də bu yolu keçib, biz də keçirik, gələcəkdəkilər də onu keçəcəklər
16 sentyabr 2014.

Əlaqəli xəbərlər