 |
Əli Vəlioğlu |
Uşaq idik. Boy atdıq. Yavaş-yavaş cavanlaşdıq. Kəndimizi yaşlılarla, dünyagörmüş qocalarla dolu gördük. Elimizin sözü-söhbəti idilər. Keçmişlərdən danışan, gələcəkdən xəbər verən, inamımız, güvəncimiz, məsləhət, nəsihət və ümid yerimiz idi onlar. Kəndin toyunun da, yasının da ağası, sevincinin, faciəsinin də arxa-dayağı olan qocalar - elin bütün ağrısına-acısına sinə gərən, şənliyinə toy-düyününə çiyin verən qocalar. Birgə durub, birgə oturardlar. Dərdləri bir, söhbətləri bir olardı. Nüvədinin Məscid düzündə, anbarın qabağındakı Niftəli Bəyin köşgünün batmış damının divarı üstündə axşam edərdilər günlərini. Uşaq vaxtı da, cavanlıq dövrümüzdə də biz də tay-tuş kimi onlara qoşular, şirin söhbətlərindən doymazdıq, nahar, axşam yeməyi yadımıza düşməzdi sanki.