Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

“YUXU MƏTNİ, yaxud YUXU mətn kimi”

Cavanisr yusifliCavanşir YUSİFLİ

“….hər bir insan həyatında miniatürdə yaşanan əsl qiyamət, apokalipsisdir…”.

“…təklik öyrədir səni əşyaların sirrinə, çünki onların sirri elə təklik deməkdir..”

Səlim Babullaoğlunun yaradıcılığında qəribə məqamlar çoxdur; bunu necə izah eləyim, bilmirəm.  Onun poetik nümunələrində içdən, çox dərindən gələn bir iztirab var, bunu hiss eləməmək mümkün deyildir. Onda belə bir sual meydana çıxır: nədir bu iztirab? Şeirmi iztirabı doğurur, iztirabmı şeiri?  Bu sual çox çətin sualdı, birbaşa cavab veriləsi mümkünsüz bir şeydi. Kömək üçün onun “Ədəbi yuxularına” üz tutmaq olar. “Yuxuların” bir yerində şair ədəbi susqunluğundan bəhs edərkən, həmin iztirabın az qala sirrini açmış kimi olur. Təqribən belə deyir ki, o zaman mən cavabsız sualların içində çırpınırdım. Necə yazmalı? Hansı şeiri yazmalı? Necə yaşamalı? Bu axırıncı sual məni ayıltdı. Necə yaşamalı? Şekspir demişkən: ölümmü, qalımmı, sual budur , bu…

Elə şeirlər var ki, texniki baxımdan əla təhlilə yatır, bunu edirsən və xoşbəxt olursan, hər şey yerində, filoloji baxımdan daha bir uğur-filan…

Ancaq elə şeirlər də var ki, səni ciddi suallar qarşısında qoyur.

Səlimin şeirlərində iztirab bir səhnədir. Sən duyğu tellərinlə hər şeyi qavraya bilsən, bu səhnəni də canlı şəkildə görə bilərsən.”Ədəbi yuxular”da Brodskidən bir misra var: təklik öyrədir səni əşyaların sirrinə, çünki onların sirri elə təklik deməkdir…

Səlimin “Ədəbi yuxuları”nı şeirlərindən ayrı təsəvvür eləmək mümkün deyildir, ya bu yuxular o şeirlərin davamıdır, ya da o şeirlər bu yuxulara qədər keçilmiş yol, ya da yuxuların çin olmuş şəkli. Ancaq bunlar bir-birindən ayrı ola da bilər.  “Ədəbi yuxular”dan məqsəd təkcə oxucunu fəhmin gücünə inandırmaq, sarsıtmaq, gördüyümüz , hiss etdiyimiz nəsnələrin altındakı uğultunu eşitdirmək deyildir. Hər bri sənət adamı, yazıçı, şair… ədəbi düşüncələrini bir formada qələmə alır, kimi elə düşüncələr formasında, dünyaca ünlü nümunələrə münasibətini bildirmək biçimində, kimi də əsər boyu ədəbi zövqünü nümayiş etdirmək yolu ilə. Yuxu – Səlimin ədəbiyyat bilgisini hiss etdirmək mənasında həm bir vasitə, həm də sözün daha geniş mənasında bir metaforadır.

Ona görə vasitədir ki, bu yuxulardan keçib gedənlər şairlərdir, onların zaman ardında qalmış solğun obrazlarıdır, bu obrazlar vasitəsi ilə Səlim məlum olan mənaların üstünə şübhə toxumu səpir. Məsələn, Nazim Hikmətin “vətən xaini” damğasına məşhur cavabını xatırlayın. “Bu şeiri mənmi yazmışam?”, – deyir Nazim, özü də qüssə və təəccüblə. İkibaşlı mənalar çıxır ortaya. Bu dünyada insan hansı hislərdən barınıb müəyyən mətni qələmə alırsa, başqa bir dünyada (bunu biz sadəcə “mətndənkənar dünya” adlandıra bilərik) bu mənalar libasını dəyişir. Şairin  sözü, misrası, şeiri – bütöv mətn sərhəd situasaiyalaırnda qərar tutur. Yuxu – mətni və obrazı – yəni dünyasını dəyişmiş şairi iki dünyanın arasında yerləşdirib əsl mənanı tapmaq üçün açar rolunu oynayır. Burda bir məqamı xatırlamaq yerinə düşərdi. Əli Kərimin mətnlərinin açarı onun indi şəkillərdən gördüyümüz təbəssümüdür. Səlimin bəhs etdiyi mətnlərdə açar sərhəd situasiyalarıdır. Şimborskanın yuxudan görünən ölümü təkcə ölüm deyil, həm də şairənin hazırcavablığı, fəhmi, qaralmış dişlərinin o tayındakı acılar, insanın sağlığında hiss etmədiyi məhkumluq həyatıdır. Mənaları tapmaq, yerbəyer eləmək istəyən şairə bu dünyada beləcə “iş kəsilir”.  Şimborskadan bəhs edən yuxuda məsələ heç də ölümü nişan verən işarələrdə deyil, yuxudan ayılan kəs gec-tez bunu anlayacaq onsuz da. Məsələ sözlərin, insanları həyəcanlandıran, bəzən ayaqlarını yerə pərçimləyən mətnlərin bir uğultunun içindən gəlməsində və nə şairin, nə də oxucunun bunu sona qədər anlaya bilməməsindədir. Şeirdə məna həmişə yartımçıq qalır, tamamlanmır, onun kəsik, qırıq, dağıdılmış, ovulub-tökülmüş yerləri həmişə bizim bilmədiyimiz bir yerdə olur. Ya kiminsə təbəsümündə, ya kiminsə, acığının, hirsinin büsbütün hopduğu üz ifadəsində, ya da şairi bir topa nura çevirən mətnlərdə – ilğım kimi…   

Səlimin şeirlərində açar nədir? Gec-tez bu sual verilməlidir, yəni yuxarıda xatırlanan kontekstdə. Buna yüzlərlə cavab verilə bilər və müxtəlif detallar misal gətirilə bilər. Sənətdə bir “Cakonda təbəssümü” ifadəsi var, hər bri şairin yardıcılığı üçün də bu açarı bulmaq aktrual və vacibdir. Zənnimizcə bu açar Səlimin şeirlkərində onun çox hərəkətli olması ilə bağlıdır, yəni hər şey şeiri, onun demək istədikləırini irəli atan bir dinamikanın içindədir. Sanki ilğım – böyük bir duman pərdəsi var, Səlim bir mətnində əvvəldən sona qədər o pərdəni yığıb-yığışdırmaq, ona konstruksiya qurmaq (don biçmək…), elə bir vahid həll üsulu tapmaq istəyir  ki, şeirin içinə çəkilən hiss hər şeyi əvəz etsin. Sözün içindəki dərinlik nəhayət bu ilğımın tam ram edilməsi ilə sonuclanır. Ancaq məncə, Səlimdə bu açar “seyr”dir, şeirdə, mətndə nə olur-olsun, kadr arxasında bir seyr var, gözündən heç nə qaçmayan adamın qüssəli baxışları…

Səhər dumanı … “Ədəbi yuxular”ı oxuyanda, neçə dəfə oxusam da təsəvvürümdə məhz bu obraz yarandı. Bir azdan bu duman çəkiləcək, hər şey olduğu, yaxud olmadığı kimi görünəcək, ancaq kim bilir, bəlkə hər şeyin əsl surəti, əsl sifəti elə bu dumanda imiş…

Duman hər kəsin mətninə bu şəkildə gəlmir…

Əlaqəli xəbərlər