Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 27°C

ABŞ-Azərbaycan münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər

SekutaRobert Sekuta

Səfir sekuta  ABŞ  Azərbaycan  münasibətlərindən  yazır
Bir il əvvəl mən Azərbaycana ABŞ-ın təyin olunmuş səfiri kimi Prezident Əliyevə öz
etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Təqdimatdan sonra Azərbaycan
rəsmiləri ilə ilk keçirdiyim görüşlərdən birində mənə “biz dostuq yoxsa yox?” sualı
veriləndə, mən dərhal “bəli” cavabı vermişdim. Lakin bu sual mənə insanlar arasında
olduğu kimi, ölkələr arasında da olan münasibətlərin davamlı qayğı və diqqətə ehtiyacı
olduğunu xatırladır.

Son bir ildə Azərbaycanda gördüyüm işlər barədə fikirlərimi bölüşmək, Amerika
Birləşmiş Ştatlar və Azərbaycan arasında münasibətlərin necə inkişaf etdiyini nəzərdən
keçirmək istərdim.

Son bir il ərzində mən Azərbaycanın təbii gözəlliyini, cazibədar tarixini və mədəni
ənənələrini öyrənməkdən həzz aldım. Mən və həyat yoldaşım Ənn Azərbaycanın çox
güşələrinə səyahət edərək, tanınmış və o qədər də tanınmamış yerlərini kəşf etdik.
Qobustanda qədim qayaüstü təsvirləri və Şəkidəki Xan Sarayını seyr edərkən və ya
Azərbaycanın bölgələrində gəzərkən hiss edirdim ki, görüləsi və öyrəniləsi çox şeylər
var. Etdiyim səfərlər mənə azərbaycanlılarla ünsiyyətdə olmaq, insanların fikirlərini və
gözləntilərini öyrənmək üçün gözəl imkanlar yaratmışdır. Mənə ən çox təsir edən
görüşlər sırasında məcburi köçkün icmalarında keçirdiyim görüşlər olub ki, orada
insanların evlərindən didərgin düşmələrinin acı və ağrısı barəsində öyrənmişəm.
Keçirdiyim görüşlər mənə insanların daha çox düşündürən məsələlər, dövlətin inkişaf
etdiyi istiqamətlər və həmçinin, insanların Birləşmiş Ştatlar barəsində olan fikirlərini
öyrənməyə kömək etmişdir.

Dəfələrlə qeyd etdiyim kimi, təhlükəsizlik, demokratiya, və iqtisadiyyat/enerji sahələri
ABŞ və Azərbaycan arasında olan münasibətləri təşkil edən üç önəmli sahədir.
Sözügedən sahələr bir-biri ilə sıx bağlı olduğuna görə onların heç biri digərini üstələyə
bilməz. Sağlam iqtisadiyyat ölkənin təhlükəsizliyinin əsasıdır. Yalnız qanunun aliliyinin
və insana hörmətin təmin olunduğu cəmiyyətdə tam iqtisadiyyat potensialı əldə etmək
mümkündür. Demokratik cəmiyyətlər isə vətəndaşların təhlükəsizliyi qorunanda
çiçəklənə bilər. Sözügedən bu amillər Azərbaycanın uzun müddətli sabitliyi və firavanlığı
üçün zəruridir.

Birləşmiş Ştatlar həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib.
Üstəlik amerikalılar Azərbaycanla davamlı və uzun müddətli münasibətlər
arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar. Sabit və firavan Azərbaycan
istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin
inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji
mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasıyası kimi
fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında önəmli rol
oynayır. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə
yerləşən və sabitliyilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir.

Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin
vacib aspektlərindən biridir. Lakin son 25 ildə Azərbaycan dəyişdikcə, daha çox tərəqqi
əldə etdikcə, və yeni çağırışlarla üzləşdikcə biz də öz yanaşmamızı dəyişirdik. İyirmi beş
il öncə bizim yardımımız əsasən münaqişə içində olan Azərbaycana göstərdiyimiz
humanitar yardımlardan ibarət idi. Bu gün isə biz azərbaycanlılarla birgə işləyərək qadın
və gənclərin biznesdə uğur qazanmasına və ölkənin kənd təsərrüfatı və digər sahələrini
inkişaf etdirərək iqtisadiyyatın diversifikasiyasına təkan vermələrinə kömək edirik. ABŞ
Beynəlxalq İnkişaf Agentliyi (USAİD) layihəsi olan Sosial İqtisadi İnkişaf Fəaliyyəti
(SEDA) proqramı vasitəsilə biz Azərbaycan hökuməti ilə birgə işləyərək icmalar
səviyyəsində həyata keçirilən layihələri dəstəkləyirik. Sözügedən layihələr çərçivəsində
yerli hökümət nümayəndələri, vətəndaşlar və qeyri-hökumət təşkilatları bir araya gələrək
icmaların üzləşdikləri məsələləri aşkarlayır, onları həll edirlər. Ümumilikdə 59 layihə
tamamlanmışdır ki, onların bir neçəsinin sayəsində kəndlərdə içməsi su təmin olunmuş,
52 icmada yolların bərpası və tibb klinikalarının inşası həyata keçirilmişdir. Son üç il
ərzində 85,000 –dən çox azərbaycanlı layihələrdən yararlanaraq gələcəkdə yerli hökumət
nümayəndələri ilə tərəfdaşlıq çərçivəsində öz sosial və iqtisadi problemlərini ünvanlamaq
bacarığını əldə etmişlər.

ABŞ hökumətinin digər qurumları da sözügedən sahədə fəallıq göstərir. Bərdə və
Ağcabədidə yerləşən məcburi köçkün qəsəbələri də daxil olmaqla çoxsaylı icmalar ABŞ
hərbisinin Avropa Komandanlığının su təchizatı və məktəblərin bərpası proqramından
yararlanmışdır. Birləşmiş Ştatlar 1993-cü ildən bəri məcburi köçkünlərə yardım
məqsədilə 115 million dollar ayırmış və bu gün də biz Azərbaycan cəmiyyətinin bu
təbəqəsi ilə işləmək öhdəliyimizə sadiq qalırıq. Eyni zamanda biz Minsk Qrupu prosesi
vasitəsilə işləmək və bütün qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı
yaradan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini əldə etmək öhdəliyinə də sadiq
qalırıq. Dağlıq Qarabağ münaqısəsinin həlli həm Azərbaycanda həm də bölgədə
firavanlıq və sabitliyin daha çox güclənməsinə təkan verəcək.

Sülh Korpusu, təhsil sahəsində verilən təqaüdlər, ingilis dili təlim proqramları da daxil
olmaqla, ABŞ-ın dəstəklədiyi proqramlar sayəsində bir çox azərbaycanlı ölkələrinə
yardım etmək üçün müxtəlif bacarıqlar əldə etmişlər. Müxtəlif mübadilə proqramlarında
iştirak etmiş 5,000-dən çox məzun, dövlət və özəl sektorunun müxtəlif sahələrində
çalışaraq, öz bilikləri sayəsində Azərbaycanın biznes, dövlət idarəçiliyi və sosial təminat
sahələrini gücləndirirlər. Həmçinin 2015-ci ilin Avropa Oyunlarının uğurlu keçirilməsi
üçün ABŞ-ın mübadilə proqramlarında iştirak etmiş çoxsaylı məzunlar könüllü kimi öz
töhfələrini vermişlər. Ümumilikdə, ABŞ 1992-ci ildən bəri Azərbaycana 1,3 milliard
dollar yardım etmişdir və bu sahədə işlər davamlı inkişaf etdirilir.

Amerikanın Azərbaycanla bağlılığı yalnız hökumət ilə əməkdaşlıqla məhdudlaşmır. ABŞ
şirkətlərinin fəaliyyəti və maraqları firavanlığın və sabitliyin inkişafında və həmçinin
bizim dostluğumuzun gücləndirilməsində böyük rol oynamışdır. Keçən il ABŞ-ın 14
böyük şirkətinın nümayəndələrindən ibarət olan ticarət missiyasının Azərbaycana uğurlu
səfəri Azərbaycanın iş dairələri ilə əlaqələrin yaradılmasına və dövlətlər arasında olan
vacib iqtisadi əməkdaşlığın daha da güclənməsinə təkan vermişdir. Azərbaycanda
çoxsaylı Amerika şirkətləri fəaliyyət göstərərək iqtisadiyyata təkan verir və yeni iş yerləri
yaradır.

Biz həmçinin demokratik inkişaf sahəsində də fəaliyyətlərimizi davam etdiririk.
Birləşmiş Ştatlar da daxil olmaqla bütün demokratik dövlətlər daimi inkişafdadır. Vacib
amil ondan ibarətdir ki, biz daimi olaraq qazandığımız uğurları nəzərdən keçirməli,
ictimaiyyətlə inkişaf yollarını açıq müzakirə etmək bacarığına malik olmalıyiq. Uzun
müddətli sabitlik, tərəqqi və uğurun əldə olunması üçün məsul hökumət və qanunun
aliliyi kimi demokratik prinsiplər vacib şərtdir. Dünyanın digər dövlətləri kimi,
Azərbaycanın qlobal iqtisadi böhranla üzləşdiyi bir vaxtda, korrupsiya da daxil olmaqla
iqtisadi inkişafa maneə yaradan məsələlərin ictimai müzakirəsi Azərbaycanın daha güclü,
sabit və firavan olması üçün vacib rol oynayır.

Fürsətdən istifadə edərək mən Azərbaycana təhlükəsizlik sahəsində, xüsusiləbölgə
təhlütəsizliyin təminatı üçün gördüyü işlərə görə təşəkkür etmək istəyirəm. Azərbaycan
Əfqanıstanda nəqliyyat dəhlizləri və sülhməramlı əməliyyatları dəstəkləməklə ABŞ və
NATO ilə vacib tərəfdaşlıq edir. Ələt portu vasitəsilə Çin, Mərkəzi Asiya və Avropaya
yüklərin uğurla daşınması Azərbaycanın vacib bir nəqliyyat mərkəzinə çevrildiyini
nümayiş etdirir. Bu kimi vacib fəaliyyətlər bölgədə Yeni İpək Yolunun reallaşması
istiqamətində vacib addımlardır. Yeni İpək Yolu qədimdə olduğu kimi sahibkarlığın,
innovasiyaların və fərdi yaradıcılığın inkişafına təkan verəcək. Azərbaycan həmçinin
qlobal terrorçuluğa qarşı mübarizədə önəmli tərəfdaşdır və tarixi və güclü etnik və dini
tolerantlıq ənənələrinə görə digər dünya ölkələri üçün bariz nümunədir.

Yekunda onu demək istəyirəm ki, dostlar birgə maraqları, dəyərləri və məqsədləri
paylaşır. Dostluq yolunun enişli və yoxuşlu olmasına baxmayaraq dostlar bu yoldan heç
bir vaxt dönmürlər. Həqiqi dost öz dostunun uğurlarına sevinən, ona mübarizəsində
yardımını əsirgəməyəndir və o həmişə dostuna qarşı səmidir. Düşünürəm ki, bütün bunlar
ABŞ-ın Azərbaycanla münasibətlərinə şamil oluna bilər. “Biz dostuq yoxsa yox?” sualına
“bəli” cavabını Azərbaycanın Sovet İttifaqından sonra müstəqil olduğu 25 ilin hər birinə
şamil etmək olar. Əminəm ki, gələcək 25 ildə və ondan sonrakı dövrdə də bu sualın
cavabı “bəli” olacaq.

Əlaqəli xəbərlər