Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 23°C

Harınlığın "yol xəritəsi"...

Alqis HAlqış HƏSƏNOĞLU

 Bir-neçə gün əvvəl müsahibəyə baxırdım...
Bir məmur açıqlama verir. Yekə bir kresloda əyləşib. Ədalarını, ritorikasını telejurnalistin sualına, tamaşaçının gözləntisinə deyil, yayxanıb-ennəndiyi kreslonun ölçülərinə  hesablayaraq  yekə-yekə doğrayıb-tökür.
     Məmurun təşəxxüsü o qədər əndazəsiz ki, kresloya sığmır.
     Kreslo  o qədər  iridir  ki, ekrana yerləşmır, az qala evin  içinə  girib  adamın üstünə gəlir...
     Nədən  belə?
     Bu yekəlikdə kresloya, bu yekaxana, köntöy görkəmə və davranışa nə ehtiyac?
     Müxtəlif yozumlar verilə  bilər.
     Məsələn, kresloya belə "aşiqliyi" milli ənənəmizin ayrilmaz bir detalı kimi şərh etmək yerinə düşərdi...
     Axı bizdə heç vaxt şəxsiyyət kultu olmayıb; biz insanın şəxsiyyətinə yox, onun kreslosuna və vəzifəsinə pərəstəş etmişik. Görünür, elə bu səbəbdən dəyərlərimizə vaxtında sahib dura biməmiş, kresolosunu itirən şəxsiyyətlərimizə dönük çıxmışıq və s... Təbii ki, bu cür mülahizələri genişləndirib inkişaf etdirmək mümkündür.  
     Ancaq...
     Mənim qənaətimdə "Nədən belə  yekə kreslo?" sualının təfsilatsız-filansiz  bir və çox sadə cavabı  var: bu nadanlığın, cahilliyin, ibtidai düşüncənin məmurlaşmış formasıdır...
     Düzdür, bu  da sualı bütövükdə, çikinə-bikinə kimi əhatə edə bilmir .
     Çünki, bu konkret sual və onun sadə cavabı özündə neçə-neçə mürəkkəb və müşgül məsələni ehtiva edir, cavabsız və daha yekə-yekə suallar doğurur.
     Necə ola bilir ki, cahillik məmur qiyafəsində ekrana çıxa bilir?
     Necə ola bilir ki, cahil məmur statusu qazanıb siyasi kürsülərə dırmaşır, rəyasət sahibinə cevrilə  bilir?
     Və ən pisi odur ki, bu ictimai düşüncəyə nadan və nadanlığın rəsmi müstəvidə təltif edilməsi anlamı kimi daxil ola bilir ...
     1997-ci ilin sonlarına təsadüf edən bir hadisəyə qayıtmaq istərdim: Aztv-də nazirliklərin birində keçirilmiş illik-hesabat müşavirəsindən reportaj göstərilir. Verilişi izləyən Heydər Əliyev müşahidə edir ki, nazir cox təmtəraqlı və böyük bir stolun arxasında əyləşib. Dərhal nazirə telefon edib soruşur:
    -Sən nəyə görə özünü  belə fərqləndirirsən?.
Nazir deyir ki, mən nazirəm dəə. Heydər Əliyev soruşur:
      -Səni kim nazir təyin edib?   
Nazir cavab verir ki, əlbəttə, Siz.
       Heydər  Əliyev deyir:
      -Amma nəzərə al ki, səni nazir təyin edən şəxsin o boyda stolu yoxdur.
Və əlavə edir: "belə alınır ki, sən idarəçilikdə cox təsadüfi adamsan... "
      Mən azman dövlət adamının bu ibrətamiz söhbətini əbəs yerə xatırlmıram.
      Bax, elə bu yerdə  mənzərə aydınlaşır. "Yekə  kreslo" ya olan "sevgi"nin sirri faş olur; təşəxxüsün mənbəyi bilinir; harınlığa gedib söykənən prosesisin  "yol  xəritəsi" aşkara çıxır. Təxmini sxem  belədir. "Təsadüfi  adam(lar)"  idarəçilyə  yol tapır, kürsüyə yiyələnir, iştahını böyüdür,  varlanır.. və kreslosunun siyasi və fiziki  çəkisinin artırmaq  iddiasına düşür...
      Məmurun  təşəxxüsü və yekə  kreslosu  gözümün  önündən  getmir.
      Və görürəm ki, bu  gün sağımızda, solumuzda, çiynimizdə, başımızın  üstündə təsadüfi  adamların sayı çoxalır, mövqeyi  möhkəmlənir ...
      İndi Azərbaycan dövləti və iqtidarı qarşısında təxirəsalınmaz bir vəzifə dayanır.
      Təsadüfi  adamları idarəçiliyə, hətta bəzən onun ən həssas məqamalarına qədər dartıb aparan sosial -siyasi  zənciri qırıb - dağıtmadan ardıçıl, yaşarı  nailiyyətlərə  imza atmaq  mümkün olmayacaq!..
      Bu həm  də işqal  altında  qalan Qarabağın azad edilməsini təmin edə biləcək müqəddəm şərtlərdən biridir.
      Azərbaycan əsgərinin şücaətini azərbaycan məmurunun təvazösü tamamlamalıdır.
      Əks  təqdirdə!..