Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 8°C

Mollanəsrəddinçiliyi öldürmək olmaz!

Xeyreddin Qoca 1Xeyrəddin QOCA,
yazıçı-satirik

Gözümü açıb Azərbaycanda yeganə satira-yumor jurnalı olan “Kirpi” jurnalını görmüşəm. “Hədiyyə” adlı ilk satirik hekayəm də 1969-cu ildə bu jurnalda dərc olunub. Hekayəni o zaman jurnalın baş redaktoru, məşhur yazıçı-satirik Seyfəddin Dağlı bəyənib çap etmişdi. 70-ci illərdə həmin jurnalın redaksiyasında xalq şairi Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin üzvü idim və deməliyəm ki, həmin məclis haqqında “Ədəbiyyat qəzeti”ndə ilk xəbəri də mən yazmışdım. Süleyman Rüstəmin çox şirin, yumorlu söhbətləri indi də yadımdan çıxmır. Getdikcə ədəbiyyatın satira, yumor janrına daha çox bağlanırdım, bir-birinin ardınca satirik hekayələrim, felyetonlarım dərc olunurdu.
Əvvəlcə “satira nədir?” sualına cavab vermək lazımdır və bu suala çoxdan cavab verilib. “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir” (V.Q.Belinski).
Satira – roman, povest, hekayə, dram, şeir kimi müxtəlif növlərdə olub, ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağa qoyan əsərlərdir.
Satiranı dünyada Aristofon, Plavt, Bokkaro, Servantes, Şekspir, Molyer, H.Heyne, Dikkens, Romarşe, Frans, M.Tven, B.Şou, Mann, X.Qoşek, B.Breat, İ.A.Krılov, A.N.Ostrovski..., Azərbaycanda isə M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, Ə.Haqverdiyev, Əli Nəzmi, Mirzəli Möcüz, Cəlil Məmmədquluzadə, M.S.Ordubadi, Mir Cəlal, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Salman Mümtaz, Sabit Rəhman, Salam Qədirzadə, Rüfət Əhmədzadə və başqaları yazmışlar.
Bəs böyük qələm sahibləri niyə satira yazmaq kimi ağır yükü öz üzərlərinə götürmüşlər? Çünki onlar görmüşlər ki, Sabir demişkən:

Qarışıqdır millətin istedadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

Şair “qarışıqdır millətin istedadı” deyəndə indiki kimi çalıb-oxumağı, şoular göstərməyi nəzərdə tutmur, millətin xarakterinin ümumiyyətlə qarışıq olduğunu nəzərə çatdırmaq istəyir...
Biz “ağır yük” deyəndə onu nəzərdə tuturuq ki, satirik əsərlər yazan qələm sahibləri həmişə cəmiyyətin müxtəlif ünsürləri tərəfindən sıxışdırılıblar, təqiblərə və təzyiqlərə məruz qalıblar, mənfi tiplər satiriklərin həyatını zəhərə döndərməyə çalışıblar, çox vaxt da buna nail olublar. Məsələn, böyük Cəlil Məmmədquluzadə qışda əlyazmalarını peçə atıb yandırıb ki, uşaqları soyuqdan donmasınlar... Dahi Mirzə Ələkbər Sabir sabun sataraq ailəsini dolandırmağa məcbur olub. Salman Mümtazın əlyazmalarını tonqala atıb yandırıblar... Əzim Əzimzadə kimi böyük satirik rəssamı “sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan rəssam” kimi xarakterizə ediblər. Dediklərimiz qələm sahiblərinin başına gətirilənlərin mində biridir...
Biz yalnız vaxtilə ölkəmizdə sıxışdırılan, təqiblərə məruz qalan satirik qələm sahiblərimizdən söhbət açırıq.
Hələ sağlığında Molla əminin öldürüldüyü barədə şayiə yayıldığı zaman “İrşad” qəzetində çap etdirdiyi məqaləsində Üzeyir Hacıbəyov yazmışdı: “Molla Nəsrəddini öldürmək olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz”.
Bəli, mollanəsrəddinçilər bu günümüzə qədər vardır və həmişə olacaqlar. Onların “qol-qanadlarını” qırmaq yox, onlara çatışmazlıqları yazmaq üçün qol-qanad vermək lazımdır.

Derlər utan, heç kəsə bir söz demə,
Həq sözü derkən utana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.

     Mirzə Ələkbər Sabirin bu misralarından aydın anlaşılır ki, haqq sözü deyənlərə “heç kəsə bir söz deməməyi”, “utanmağı” “məsləhət” görüblər. Şair necə yazmaya bilər ki, “gözü görür, ağlı kəsir” və ona görə də o boyda günəşi dana bilmir. Elə ona görə də böyük Sabir yuxarıdakı şeir parçasının davamı olaraq yazır:

Şairəm, çünki vəzifəm budur: əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım.
Günü parlaq, gündüzü ağ, gecəni tar yazım,
Pisi-pis, əyrini-əyri, düzü həmvar yazım.

    Bəli, satiranın əleyhdarları şairin ümumiyyətlə tənqid yazmamağını, gördüklərini açıqlamamağını, günün parlaq, gündüzün ağ, gecənin qaranlıq, pisin pis, əyrinin əyri, düzün düz olduğunu aşkarlamamağını istəyirlər. Onda bəs bu tiplər nə istəyirlər? Tərif!
Mirzə Cəlil yazır ki, “bir gün “Molla Nəsrəddin” məcmuəsinin birinci nömrəsi üçün hazır olmuş əlyazmalarımı bir ziyalı dostumuza oxudum. Haman dostumuz əl yazılarının məzmunundan xəbərdar olub heç bir vəchlə onları çapa verməyi məsləhət bilmədi. – Heç bir mənası yoxdur – dedi. – Heç kəs onları oxumaz – dedi. Ondan savayı yenə bir naxçıvanlı həmvətənimizə birinci nömrənin materiallarının bir neçə yerini oxudum. Bu da bir qoca teleqrafçı idi. Bu da materiallar barəsində belə rəy verdi, dedi: - Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir; çifayda ki, müsəlmanları tərif etmir. Hər nə yazacaqsınız yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazınız...”.
Amma məcmuənin ilk sayını alanlar rəngli şəkillərə baxıb gülür, sonra məcmuəni döş ciblərində gizlədirdilər ki, görən olmasın, aparıb evdə oxusunlar...
Demək istəyirəm ki, xalqımız həmişə satiranı, yumoru maraqla qarşılayıb. Ona görə ki, bu insanlar öz eyiblərini görəndə istər-istəməz gülürlər. Onların çoxu da bilmir ki, özləri özlərinə gülürlər. Əsəbləşənlər, özlərindən çıxanlar üçün isə “Molla Nəsrəddin” məcmuəsində yazırdılar: “Yoxsa bu ayinədə əyri görürsən özünü?!”.
Çox qəribədir, satiranın bəyənilmədiyi sovet dövründə satirik əsərlərdən, kinofilmlərdən, süjetlərdən, karikaturalardan dövlət siyasətində istifadə olunurdu. Amma bütün bu bədii yaradıcılıq nümunələri sovet ideologiyasına xidmət etməli idi. Məsələn, Azərbaycanda “Mozalan” kinojurnalı məşhur idi. Hamı şahiddir ki, “Mozalan”da hər hansı idarə, müəssisə, təşkilat haqqında tənqidi bir süjet nümayiş etdirilən kimi, həmin idarənin, müəssisənin, təşkilatın cavabdeh rəhbərliyi haqqında cəza tədbirləri görülürdü. Və yaxud, “Kirpi” jurnalı böyük tirajla nəşr olunurdu. Dövrümüzün ən böyük satirikləri həmin jurnalda xalqın dərdlərini yazırdılar, çatışmazlıqları, nöqsanları, eybəcərlikləri oxucuların nəzərinə çatdırırdılar. İndi hanı “Kirpi” jurnalı? Niyə maddi çətinliklər ucbatından jurnal çıxmır, yaxud ildə bir neçə nömrəsi işıq üzü görür? Axı, oxucular bu jurnalı həmişə maraqla gözləyirdilər... Vaxtilə jurnalın Əvəz Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə kimi adlı-sanlı redaktorları olub. Bəlkə indi satirik jurnala, kinosüjetlərə ehtiyac yoxdur? Bəlkə hər şey yerli-yerindədir, ümumiyyətlə, tənqidə ehtiyac yoxdur?
Bir dəfə bir vəzifəli şəxsə dedim ki, jurnalistlərdən xahiş edin sizin haqqınızda bir az tənqid yazsınlar. O, təəccüblə soruşdu: “Niyə?”. Ona bildirdim ki, həmişə hər yerdə işlərinizi tərifləyirsiniz, yəni sizin heç bir nöqsanınız yoxdur? Axı, sizə inanmazlar.
     Cəlil Məmmədquluzadə yazırdı ki, “özümüzü boş-boşüna ... quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur”.
Cəhalətə, avamlığa qarşı çıxan qüdrətli sənətkar ürək ağrısını dilinə gətirirdi: “Zülmət çox dərindir, qaranlıq nəhayət qalındır... Bilmirəm barıt atəşimi, bilmirəm maarif topumu, bilmirəm mədəniyyət təkamülü, ya da dinamit inqilabı, ya bəlkə ikisi də lazım”.
O zamankı cəhalət, avamlıq indi yoxdurmu? Falçılar, mövhumatçılar, yalançı dindarlar, “ekstrasenslər”, çöpçülər... vaxtıdır indi? Belələri ekranları sanki “ələ keçiriblər”, ağıllarına və ağızlarına gələni danışırlar! Bir adam da demir ki, yığışdırın bunları ekranlardan, efirlərdən! Axı, böyük satiriklərimizin yazdıqlarından yüz ildən çox vaxt keçib... Nə vaxtadək millət bu fırıldaqçılara inanacaq?!
Bunlar ona görə baş verir ki, insanların çoxu öz yerlərində deyillər və yaxud öz yerlərini bilmirlər. Mirzə Cəlil də aşağıdakı fikirləri elə-belə yazmamışdı: “Nə olardı, hər bir şey öz yerində olaydı: məktəbdə müdərrəslik edən dükanda olmayaydı; ...çəkməçi öz çəkməçiliyinlə məşğul olaydı, zərgər də öz zərgərliyinə. Çünki elə olsaydı, baş qanamazdı və körpü uçmazdı...”.
Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım xalq içərisində söylənən bu deyimi tez-tez dilinə gətirərdi:

Mən aşiq qarğalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar adam olub,
Laçınlar qarğalandı.

Yəqin ki, o zaman hərəni öz yerinə təyin etsəydilər, hərə öz işini bilsəydi, bu satirik şeir parçası yaranmazdı...
Sovet dövründə “özünütənqid” deyilən bir məfhum vardı. İnsanlar camaat qarşısında öz işləri haqqında danışanda axırda nöqsanlardan da bir-iki kəlmə danışardılar. Hərçənd ki, özünütənqidlər yüngülvarı olardı, çıxış edənlər ciddi nöqsanlarını söyləməzdilər, həmin ciddi nöqsanları kütləvi informasiya vasitələri – qəzet-jurnallar, televiziyalar xalqa çatdırardılar...
Mən çox təəccüb edirəm: qəzetlərdə felyeton janrı görünmür, əmək adamları haqında oçerklər, reportajlar oxumuruq. Axı, universitetin jurnalistika fakültəsində bu janrları bir dərs kimi tələbələrə öyrədirlər...
İndi ki, satiradan, tənqiddən danışırıq, niyə qeyd etməməliyik ki, indiki zamanda bütün ölkə üzrə adicə ərizəni savadlı yazmağı bacaran az adam tapılar. Kiçik bir ərizədə nə qədər səhv buraxmaq olar? “Yazıb sizdən xahiş edirəm ki...” nə deməkdir? Yazırsan də... Xahişini də cümlənin axırında etməlisən. Təkcə bunlar deyil, abzaslar, vergüllər, adicə ünvanlar düzgün yazılmır. Ərizə yazarkən etikaya fikir verilmir. İnsanlar ərizələrində bəzən müraciət etdikləri şəxsə göstəriş də verirlər: “Məni filan işə götürün”.
Bir qəzet redaksiyasına gedib bütün işçilərdən ərizə yazmaqlarını xahiş etdim. Onlar təəccübləndilər ki, “yəni biz jurnalistlər ərizə yaza bilmirik?”. Mən dəfə-dəfə təkid edəndən sonra yazdılar. Heç biri savadlı ərizə yaza bilmədi və mən onların səhvlərini bir-bir göstərdim, onlar da razılaşdılar.
Satira və yumorun “hörmətdən düşməsi”nin bir səbəbi də efirlərdə, televiziyalarda, mətbuatda gedən şit, bayağı, sözün əsl mənasında əttökən “məshəkələrdir”. Bunların əksəriyyətinin nə mənası var, nə məzmunu... Yüngül insanlar öz yüngüllüklərini nümayiş etdirməkdən başqa heç nəyə qadir deyillər. Beləliklə, onlar bəzi tamaşaçıları da yüngülləşdirirlər. Tamaşaçı elə bilir ki, gülüş elə belə olmalıdır.
Televiziya aparıcıları dilimizi korlamaqla məşğuldurlar, çünki Azərbaycan dilini təmiz bilmirlər. Nə cümlələri düzgün oxuyurlar, nə də vurğuları yerində söyləyirlər.
İndi biz bu nöqsanları deməyək ki, kimlərinsə xoşu gəlməyəcək?
“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olub gedir, amma söz qalır” (C.Məmmədquluzadə). Ona görə də söz, qələm əhlinə xalqımız həmişə böyük hörmət və məhəbbətini bildirir. Qələm tutan, söz yazanlar da gərək xalqın ehtiramını yüksək tutsunlar. Bizə şair xalq ona görə deməyiblər ki, əli qələm tutan şeir yazsın. Şeiri, sənəti belə ucuzlaşdırmaq olmaz!
Əbəs yerə deməmişlər ki, ağıllı və ədalətli satira həmişə və hər yerdə qanundan güclüdür. Mənfi tipli insanlara gülməyi bacarmaq o qədər də asan deyil. Gərək bu gülüş ürəkdən gəlsin, həqiqəti əks etdirsin. Gülüş eybəcərliyin qənimidir. Gülüş eybəcərliyə qarşı çevrilmiş olsa da, əsas məqsədi gözəllikdir. “Bəşəriyyət gülərək öz keçmişindən ayrılır”. Satiranın gücünə, qüdrətinə baxın!
M.F.Axundov vaxtilə cəmiyyətdəki “zülm və ədalətsizliyin, gerilik və cəhalətin kökünü kəsmək, “xalqı tərbiyələndirmək, həmməzhəblərin əxlaqını saflaşdırıb islah etmək üçün tənqiddən faydalı heç bir vəzifə ola bilməz” – yazırdı.
C.Məmmədquluzadə “...açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir; çünki yazanın savadının azlığına dəlalət edir” sözlərini yüz il bundan əvvəl yazıb. İndi Bakıda çoxları ana dilində danışmağa utanırlar, rus dilində danışırlar və bunu kübarlıq hesab edirlər. Belələrinə bircə sual vermək istəyirəm: ömrünüzdə görmüşünüz ki, Rusiyada Azərbaycan dilində danışsınlar, yaxud Azərbaycan dilində mahnı oxusunlar?
Bu günlərdə Akademik Milli Dram Teatrında C.Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşasına baxdım. Ananın üç övladının hərəsi bir tərəfə çəkir, biri rusca danışır, biri türkcə şeir söyləyir və türkcə “konuşur”, o biri də dinlə məşğul olur, mollalıq edir. Bunlar o qədər eybəcər həyat tərzi keçirirlər ki, axırda anaları dözə bilməyib ürəyi partlayaraq ölür. Doğrusunu deyim ki, mənim də ürəyim tez-tez döyünməyə başladı, sanki yerindən çıxacaqdı. Tez-tez özümə sual verirdim: yüz ildə nə dəyişildi ki? Əsər sanki dünən yazılmışdı. Ona görə də həmişə deyirəm və yazıram ki, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev dirilib gəlsələr, bu günümüzün nöqsanlarından, eybəcərliklərindən gecə-gündüz yüz il də yazsalar, bitməz.
Bir dəfə rəhmətlik akademik Bəkir Nəbiyevdən soruşdum ki, bu mənfiliklər niyə getdikcə azalmaq əvəzinə çoxalır? O da cavab verdi ki, “getdikcə təkmilləşir”. Bəkir müəllim doğru deyirdi, yüz il əvvəl molla üç manat pul, balaca bir saxsı qab yağ alıb dua yazırdısa və bu da “Molla Nəsrəddin”in tiplərindən birinə çevrilirdisə, indi yüz minlərlə dollar rüşvət verilir və alınır... Minlərlə belə fakt söyləmək olar. Bunları hara yazaq, hə?
Rəhmətlik C.Məmmədquluzadə həyatdan gedəndə onu yerdən çox az adam götürmüşdü, basdıranda isə böyük xalq kütləsi yığılmışdı. Lakin onun nekroloqunda imzalar gizlədilmiş, böyük yazıçı haqqında tənqidi fikirlər belə yazmağı “unutmamışdılar”. Həmin nekroloqu hazırlayanların sağlığında Mirzə Cəlilin həyatını zəhərə döndərənlərin adları məlumdur və onların tör-töküntüləri indi də yaşayırlar, “fəaliyyət” göstərirlər, daha doğrusu, öz ata-babalarının şərəfsiz yolunu davam etdirirlər! Amma baxın, qədirbilən xalqımız indi Mirzə Cəlilin, Sabirin heykəllərini ucaldırlar. Qəlbimdən bir sual qopur: o zaman etdikləri nə idi, indi nə edirik?
Həmişə belə olub – insanlar məhv etdiklərinə sonradan heykəl qoyublar, yaxud əvvəlcə heykəl qoyub, sonradan onu söküblər. Təəssüf, çox təəssüf!
Hamımızın gördüyü və bildiyi kimi, satiriklərə çox vaxt ögey münasibət bəslənilir. Bəlkə də bu, elə belə olmalıdır, çünki tənqidçini sevmək üçün böyük ürək lazımdır. Böyük ürək isə hər kəsdə olmur.
     Məşhur türk satiriki Əziz Nesin Bakıya gələndə bir neçə Azərbaycan yazıçısı ilə Dənizkənarı parkda gəzinti zamanı soruşur: “Sizdə satiriklərə dövlətin münasibəti necədir?”. Bizim yazıçılardan biri cavab verir ki, “çox yaxşıdır, onlara fəxri adlar, orden-medallar verilir”. Əziz Nesin təəccüblə dillənir: “Onda sizdə ya satirik yoxdur, ya da dövlət!”.
Əziz Nesinin bu fikri düşüncələrimizi təzələyir, çünki ta qədimdən düz söz deyənlər həqiqəti söyləyənlər tonqallarda yandırılıblar, min cür zülmə məruz qalıblar. Onda belə çıxır ki, yaşamaq üçün həqiqəti deməmək, yazmamaq lazımdır? Belə olsa, dünya nə günə qalar? Gəlin, necə deyərlər, papağımızı qarşımıza qoyub dərindən düşünək. Tənqidsiz həyat, yaşayış ola bilməz, bu sətirlərin müəllifi ömrü boyu bu qənaətlə yaşamışdır və bu qənaətin düzgünlüyünə heç zaman şübhəsi olmamışdır.
Satira ədəbiyyatın ən mürəkkəb və çətin janrıdır – desək, səhv etmərik. Niyə? Ona görə ki, satira yazmaq hər qələm sahibinin, yazıçının işi deyil. Satira yazan şəxsin ifşa etdiyi tiplərlə həyatı, yaşayışı Tərs mütənasib olmalıdır, yəni ləyaqətlə yaşamalıdır. Satirikin cəsarəti, siması olmalıdır. Cəsarətsiz,     qorxaq, yaltaq satira yaza bilməz və bu, qətiyyən mümkün deyil. Onu da deməliyik ki, satira yazan ədibin xalqa bağlılığı olmasa, o, ortaya heç nə qoya bilməz. Satirik istəyir ki, onun qələminə tuş gələn tör-töküntülər xalqın içərisində olmasın.
Belə bir məsəl var: “Sözünü birbaşa de”. Gərək yazıçı demək, yazmaq istədiklərini birbaşa deməyə, yazmağa, məsələni çox uzatmamağa çalışsın. Bəzi əsərlər təxminən belə cümlələrlə başlanır: “Səhər dan yeri ağarır (səhər dan yeri ağarar də...), sonra günəş çıxır, bir az keçir günorta olur, isti başlayır. Axşamtərəfi hava qaralır (axşamtərəfi hava qaralar də...), buludlar göy üzünü alır”. Beş-on səhifə beləcə “hava haqqında məlumat” verəndən sonra başlayırlar ki, bəs əhvalat filan yerdə vaqe olur... On-on beş səhifə də həmin yer haqqında bəzək-düzəkli, “ətraflı”, “geniş” yazırlar. Hələ ortada heç bir əhvalat-filan “görünmür”. Əhvalata çatana kimi oxucunun ürəyi üzülür. Atır kitabı bir tərəfə, hirslə deyir: “Oxumuram, vəssalam!”. İndiki zamanda insanlar nə uzun-uzadı oxumaq istəyir, nə də uzun-uzadı, “ətraflı”, “geniş” çıxışlara qulaq asırlar...
Satirik əsərdə artıq bircə söz belə işlədilməməlidir. Yerinə düşməyən söz, fikir olan yerdə satira yoxdur. Vergül, nöqtə, nöqtəli vergül, üç nöqtə... yerində olmasa, satirik əsər mənasını itirər. Bir sözlə, yüksək məzmunlu satirik əsərləri yalnız şəxsiyyəti, dünyagörüşü olan qələm ustaları yaza bilərlər...
Satira, yumor janrı qısa, konkret yazmağı tələb edir. Hər qələm sahibi satira, yumor yaza bilməz. Satira və yumorun dili son dərəcə aydın, xalqın danışıq tərzinə uyğun, sözçülükdən uzaq olmalıdır. Yəni az sözlə böyük fikirlər ifadə etməyi bcarmaq lazımdır. Gülməli sözlər yazıb, kimi isə güldürmək yumor olmadığı kimi, insanın heysiyyətinə toxunan kəskin sözlərlə də satira olmaz. Satira, yumor müəyyən təsir gücünə malik olmalıdır. Yəni gülə-gülə ağlatmağı, ağlaya-ağlaya güldürməyi bacarmaq lazımdır.
Adam təəccüb edir, televiziyalarda Mirzə Cəlilin, Sabirin hekayələrini, şeirlərini oxuyurlar – bir-birlərinin dizlərinə, kürəyinə şapalaq ilişdirə-ilişdirə, bir-birinin çiyninə çiyinləri ilə toxuna-toxuna, şit-şit irişə-irişə... Belələri bilməlidirlər ki, satira əyləncə deyil, xalqın dərdidir. O ürək yanğısı ilə, göz yaşları ilə yazılır. Necə deyərlər, yazıçının bir gözü gülür, bir gözü ağlayır. Xalqın dərdini isə əyləncəyə çevirmək ayıbdır.
Yeri gəlmişkən, qeyd etməliyik ki, səhnələrdə də satirik əsərə “gülüş” qatmaq üçün bəzi aktyorlar min cür lazımsız hərəkətlərə yol verirlər. Onlar bilməlidirlər ki, tamaşaçını güldürərək  onun arxasınca getməli deyillər, onları öz arxalarınca aparmalıdırlar. Həm də hamı bilməlidir ki, satiradakı gülüş acı gülüşdür, yəni satira gülmək üçün yazılmır, düşünmək üçün yazılır. Kim deyir insanlar gülməsinlər, gülə-gülə düşünsünlər. Onda satirikin əsəri yazarkən hansı hisslər keçirdiyini daha yaxşı başa düşmək olar.
2002-ci ildə Akademik Milli Dram Teatrında mənim “Hərənin öz payı...” pyesimin tamaşası qoyuldu. Əsərdə cəmiyyətdəki çoxlu nöqsanları, eybəcərlikləri ifşa etmişdim. Tamaşa bir neçə il nümayiş etdirildi. Mətbuat orqanları müsbət resenziyalar dərc etdi, televiziya efirlərində dəfələrlə göstərildi. Bir gün hiss etdim ki, bəzi aktyorlar səhnədə lazım olmayan sözlər əlavə edərək pyesi istədikləri kimi oynayırlar. Məsələn, “bəzi vəzifəlilər rüşvət alırlar” əvəzinə “vəzifəlilər rüşvət alırlar” deməklə həm teatrı, həm də müəllifi pis vəziyyətə qoyurlar. Teatrın o zamankı direktoruna müraciət edib tamaşanın repertuardan çıxarılmasını xahiş etdim...
Yeri gəlmişkən, qeyd edim ki, indi də desələr cəmiyyətdəki çatışmazlıqlar barədə pyesə əlavələr et, heç nə əlavə edə bilmərəm, çünki həmin pyesdə hər şey var idi. Mən müəllif kimi “Hərənin öz payı...” pyesinin bircə dəfə nümayiş etdirilməsinə belə razı idim. Teatr isə cəsarətli addım ataraq həmin pyesi nəinki tamaşaya qoydu, illərlə nümayiş etdirdi.
İndi də teatrların satirik əsərlərə ehtiyacı olduğunu qətiyyətlə deyirəm. Tamaşalar xalqın ürəyindən olmalıdır, çünki insanlar “ürəklərindən tikan çıxaran” əsərlərə böyük maraq göstərirlər. Belə olsa, teatrlara tamaşaçı cəlb etmək üçün “əldən-ayaqdan getməyə” ehtiyac qalmaz, tamaşaçı qıtlığı olmaz...
Bir dəfə Dənizkənarı Parkda bir qrup tanınmış rejissor və aktyorlarla görüşdüm. İlk sualları o oldu ki, “bizə niyə təzə pyes təqdim etmirsiniz?”. Mən üzərində işlədiyim tənqidi fikirlərlə dolu pyesimin süjeti haqqında onlara danışanda bir ağızdan dilləndilər: “Siz nə danışırsınız, belə pyesi səhnələşdirmək olar?!”. Mən də bildirdim ki, “onda gedin, tamaşaçı axtarın!”...
Bu yazını yazmaqla ədəbiyyatın satira janrına olan soyuq münasibəti az da olsa dəyişmək fikrinə düşdük. Bu, mümkün olacaqmı? Hələlik bilmirik...


P.S.

Maa elə gəlir, yuxarıda yazdıqlarımın konseptual baxımdan bir mənası var. Olmasaydı, konseptual baxımdan bu yazını yazmazdım. Çünki bir yazı-pozunun ki, konseptual baxımdan mənası olmadı, gərək mütləq konseptual baxımdan ona bir məna verəsən.
Bu “konseptual” sözünü onun-bunun dilindən o qədər eşitmişəm ki, deyəsən, mənim də dil lüğətimə keçib. Amma sözün mənasını əməlli-başlı başa düşmədiyimdən, harada işlənəcəyini ayırd edəmmədiyimdən maa lə gəlir ki, bir də bu sözdən heç bir yazımda istifadə etməyəcəyəm. Əslində bu, konseptual baxımdan belə olmalıdır. Mənasını bilmədiyin sözü harada gəldi işlətməməlisən! Maa elə gəlir... “Maa elə gəlir” sözləri də hardan dilimə pərçim olub, bilmirəm... Bu da bir tərəfdən əsəbləşdirir məni!..

Əlaqəli xəbərlər