Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 17°C

Qapının aralığından içəriyə sızmış işıq şöləsi ...

Zemine EliyevaZəminə Əliyeva


Qan Turalının yeni ədəbiyyatımızda yeni hadisə sayıla biləcək “ Fələk qırmancı” romanı mənim üçün nəinki çox maraqla oxuduğum, həm də səhifələrində rahatlıq tapdığım bir əsər oldu. “Fələk qırmancı” romanı sanki qapının aralığından içəriyə sızmış işıq şöləsi kimi insanın düşüncə, fikir mübarizəsində taqətdən düşən və getdikcə ümidsizliyin qaranlığına qərq olan ruhsal halətini aydınladır. Təkcə başını yox, ürəyini, ruhunu da götürüb getmək istəyənləri haraylayır, hər cümləsində əyləyir, düşündürür, demədiklərini eşitdirir, yazmadıqlarını oxutdurur. İçindəki həbsxanada çürüyən ömrünün günlərini saydırır, azadlığın qollarına düşüncə, yalan və riyakarlıqdan vurulan qandalı kəsməyə bəzən əsrlərin,nəsillərin belə yetmədiyini anladır, azadlığa, həqiqətə susamışların yürüdükləri fərqli cığırlardan yolumuzu salır. İnsanın öz içinə olan səyahətinin daha uzun, daha üzücü ,amma daha gərəkli olduğunu çatdırır. felek qirmanciFəlsəfənin, dinin , ədəbiyyatın belə “ Bir körpənin gözünün yaşını siləcəkmi mənim 300 səhiflik romanım?” sualını cavablandırmaqda acizliyini, bir halda ki, insanlar qoyun kimi azadlığa buraxılırsa, həqiqət özü sənə yalan söyləməyi diqtə edirsə ,onda bu qaydalarla inancını uzlaşdıraraq həyata sarılmağın anlamsız və mümkünsüzlüyünü kitab oxuyan və ədəbiyyat yaradan adamların faciəsi kimi bəlirləyir. Paralel sujet xətti ilə nə keçmiş zamanın sufi ,nə də müasir dövrün yazıçı Mehdisi həqiqətə nəticədə xoşbəxtliyə çatdıracaq vasitələrlə-inanc, din və ədəbiyyatla ideallarına qovuşa bilmirlər. Sufilikdən, Şeyxlikdən döndərən səbəb Mehdini də yazıçılıqdan uzaq salır. Yazmaq anlamaq cəhdidirsə ,deməli anladığının , dərk etdiyinin hökmünə tabe olmalısan. İnsan isə özünü dərk etdikcə dünyanı tərk edir. Bu dünyanın, yaşamın, əbədi qovğanın ədəbi yolla nicatının mənsızlığı, heçliyi ilə intihar edir. Əslində Mehdi acı həqiqət qarşısında ədəbiyyatın bir heç olduğunu görməkdənsə, onu yaşatmağa vəsilə olacaq əsərləri yazmamağa qərar versə də və bu düçüncəsini əsər boyu sübut etməyə çalışsa da , sonda yenə ədəbiyyat yaşayır. Nə qədər ağrılı notlarla, depressiv mürəkkəblə yazılsa da “Fələk qırmancı” sonda Mehdinin ölmək üçün özünü seçməsi və bununla da ədəbiyyatı yaşatmasıyla fələyi belə şaşırtmağa müvəffəq olur. Mehdi yazır və yaralı ruhun iniltisinə can verir. Zənnimcə bu da iynənin ucu boyda olsa belə ,dünyanı aydınlada biləcək işığın yenə də ədəbiyyat olacağına verilən bir hökmdür.

Əlaqəli xəbərlər