Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 10°C

Əkrəm Əylisli: Ölkənin havasından yenə barıt qoxusu və yalançı qəhrəmanlıq iyi gəlir

Ekrem-Eylisili00.jpg“Mənə elə gəlir ki, bu ölkədə məmə deyəndən pəpə yeyənəcən hamı bilməlidir ki, heç bir mitinq , heç bir etiraz nümayişi məmləkətimizin normativ dövlətçilik əsaslarını sarsıda bilməz...”
“Bu faktı Azərbaycanın ən yeni tarixinə xalqımızın iradəsi ilə allah özü belə yazdı. Və bu yazı millətimizin tarixində həmişə Heydər Əliyevin adı ilə qalacaqdır...”
“Bir zaman Mili Məclisdə öz primitiv yumoru səviyyəsində bir növ baqqallıq edən Rəsul Quliyev indi xaricdə oturub  naqqallıqla məşğul olur...”

Əkrəm Əylislinin 20 il əvvəl qələmə aldığı bu yazı, kiçik  istisnalarla, aktual olaraq qalır.
28-may. az yazıçının 1998-ci il ildə mətbuatda dərc olunmuş “Azərbaycanda xaos dikataturası kimə lazımdır?”   məqaləsini oxuculara təqdim edir...

Əziz oxucu! Bilirsən ki, mən siyasi adam deyiləm. Lakin məmləkətimizdə siyasi çəkişmələrin son vaxtlar xüsusilə kəskinləşməsi məndə dərin narahatlıq doğurur və məni belə bir- bəyanat xarakterli yazı ilə çıxış etmək məsuliyyəti qarşısında qoyur.
Bu yazının bir sıra məqamları bir çoxları üçün bəlkə də mübahisəli görünəcək.
Ancaq əziz oxucum, istərdim inanasan ki, məqaləni qələmə alarkən mən heç bir şəxsi təmənna güdməmişəm bu yazıda qələmə alınan hər bir söz öz xalqının taleyi üçün qəlbən məsuliyyət daşıyan bir yazıçının, Azərbaycan vətəndaşının fərdi düşüncələrinin səmimi ifadəsidir.
Burası sadə və məlum bir həqiqətdir ki, hər hansı bir dövlətin dünyada normal dövlət kimi tanınmasında bu dövlətin daxili həyatındakı ictimai münasibətlərin nə dərəcədə  sağlam olması  əsas və həlledici rol oynayır.
Ölkədə ictimai asayişin və siyasi sabitliyin mövcudluğu bu ölkənin bir dövlət olaraq  real gücünə dəlalət edir.
Bunun əksi-ölkədə ictimai asayişin və siyasi sabitliyin olmaması  isə dövlətin zəifliyini, gücsüzlüyünü, hüquqi simasızlığını və siyasi fərasətsizliyini göstərir.
Belə dövlətlər təbii ki, xaricdə -dünya dövlətləri sırasında öz yerini tuta bilmir.
Daxildə -xalqın içində hörmət və avtoritet qazana bilmir.
Bu cür zəif dövlət mexanizminə malik məmləkətlər gec-tez xarici siyasi maraqların predmetinə çevrilir və bu zaman ya marionet dövlət şəklində miskin və şərəfsiz bir həyata düçar olur, ya da vətəndaş qarşıdurmaları zəminində öz içindən dağıla- dağıla labüd məhvə doğru gedir.
Xalqımız 1993-cü ilin 2- ci yarısından başlayaraq  ictimai əmin-amanlıq və dinc quruculuq yoluna qədəm qoyub.
Və bu proseses məmləkətimizin gündəlik həyatında ardıcıl və dinamik şəkildə davam edir.
Bu prosesdə   xalqımız əlbəttə ki, öz arzuladıqlarının bir çoxuna nail ola bilməyib.
Ancaq bu dövrdə ölkənin tərəqqisinə təminat yarada biləcək xeyli iş görülüb. Bunu xalq özü də görür və layiqincə qiymətləndirir.
Deyirik: Vəzirov hakimiyyəti, Mütəllibov hakimiyyəti, AXC- Müsavat hakimiyyəti.
Ancaq, məncə, düz demirik. Çünki bu məmləkətdə nə Vəzirov hakimiyyəti olub, nə Mütəllibov hakimiyyəti , nə də AXC- Müsavat hakimiyyəti.
Azərbaycanda bu dövrlərdə bir hakimi- mütləq hökmranlıq taxtında əyləşib ki, onun əsl adı Xaosdur.
Bu söz qədim yunan mifalogiyasından gəlmə sözdür. Mənası ağla , məntiqə, insan zəkasına, insan iradəsinə tabe olmayan dağıdıcı, talanedici müdhiş bir qeyri-bəşəri qüvvə deməkdir.
Dünyanın böyük ürək və ağıl sahibləri , hələ antik dövrlərdən başlayaraq “Xaos “ adlı bu hərc-mərclik , başıpozuqluq , xarabazarlıq, diktaturasının necə bir imansız və allahsız diktatura olduğunu görüblər, tanıyıblar, onu bizə də tanıtdırmaq üçün əllərindən gələni ediblər.
Ancaq son günlərin bir sıra hadisələri göstərir ki,dünyanın xaos adlı qansız və qaniçən diktatorunu biz hələ lazımınca tanıya bilməmişik.
Onun illər boyu bu millətin başına açdığı müsibətlərdən hələ lazımınca nəticə çıxarmamışıq.
Ölkənin havasından yenə barıt qoxusu və yalançı qəhrəmanlıq iyi gəlir.
Qəribədir: bir vaxt özününcə iştirakı ilə  yaranmış o, xaosun əlindən baş götürüb qaçan-mənim köhnə  dostum Əbülfəz Elçibəy özünün bir də hakimiyyətə gəldiyi vaxt  o xaosun bir də baş qaldırmayacağına , görəsən, hansı obyektiv əsaslarla ümid edir?...
Bu xalqı ağ günə çıxarmağın reseptini bunlar hardan tapdı görəsən. Bəlkə bu xalq o ağ günü istəmir.
Bir vaxt xalqı “ağ günə” çıxaranların sifəti bu xalqın nəzərində bəlkə ağ deyil, qaradır?
Axı yurd dərdi , çörək qayğısı içində xalq öz yaddaşını hələ  itirməyib, hələ heç nə yaddan çıxmayıb. Dünənki gün hələ hamının xatirindədəir.
Hərənin cibində bir tapança ,hərənin çiynində bir avtomat,...
Sözdə bu silahlanma guya düşmənə qarşı idi, əslində isə burası cəmiyyəti  daim qorxu, vahimə içində saxlamağa xidmət eləyirdi.
Bu ölkədə hakimiyyəti devirmək pişiyi ağacdan endirməkdən asan olmuşdur.
Dildə türklükdən, çağdaş Türkiyənin sivil demokratiyasından danışırdılar.
Əsl həqiqətdə yıxılmış Azərbaycan Sovet Sosialist Respublikasının yerində - tayfa , qəbilə təsəvvürlərinə  söykənən əfqan , ərəb modelli tipik müsəlman dövlətinin yaranmasına geniş yol açılırdı.
Lənətlənmiş marionet Azərbaycan kommunist partiyasının yerində- övqatı əxlaqı , psixoloji mahiyyəti etibarilə müasir siyasi qurumdan daha çox, fanatik sekta birləşmələrinə bənzəyən destruktiv qruplaşmalar hər yerdə bir birinin ardınca doğub törəyirdi.
Sözdə hamı Babək idi, koroğlu idi, Şah İsmayıl idi.
Amma iş görməyə gələndə bu adamlar xalqın nəzərində heç  keçəl Həmzə qədərində də fərasət göstərə bilmirdilər.
Cəmiyyət xaosun məğlubedilməzliyınə günbəgün daha çox inanmağa başlayırdı.
İş gəlib o yerə yetmişdi ki, hətta xeyirlə şərin fərqini anlamaqdan insan büsbütün aciz qalmışdı.
Azərbaycan xalqının bu xaosdan hifz edilə biləcəyinə , sizdən nə gizlədim, elə mən də bir növ ümidimi itirmişdim.
1993-cü ilin yayında Milli Məclisin iclasına ilk dəfə sədrlik eləyən Heydər Əliyev özü də bu işin öhdəsindən gələ biləcəyinə  yəqin ki, tam arxayın deyildi.
Və bəlkə də heç arxayın deyildi. Hər halda Milli Məclisin elə özünün o günkü simasında Azərbaycan cəmiyyətini bürüməkdə olan ictimai xoleranın bütün əlamətləri görünürdü.
Bunu görə-görə Azərbaycanın gələcəyinə proqnoz vermək əlbəttə , çətin idi.
Ancaq sən demə o vəbanın-xoleranın mikrobları oradaca-Milli Məclisdə oturanların özləriymiş.
Bu adamların xalqdan uzaq olmasını isə sən demə, Allah özü məsləhət bilmişdi: rəhmdil Allah millətimizi o vəbaya yoluxmaq təhlükəsindən hifz eləmişdi.
Biz bunu sonralar bildik.
O vaxt bildik ki, xaosun məğlubedilməzliyi barədəki mif- uğurlu bioqrafiyası keçmiş sistemlə daha çox bağlı olan bir Azərbaycan övladının qüdrətli əli ilə artıq dağılmağa başlayırdı.
Heydər Əliyevin siyasi mübarizə metodlarını təhlil etmək mənim bu söhbətimin mövzusu deyil.
Ancaq onun Azərbaycanı xaos bəlasından qurtarmağı heç şübhəsiz xalqımızın tarixinə əbədi həkk olunacaq  böyük təşkilatı qəhrəmanlıq nümunəsidir.
Yunan mifologiyasında xaos adı ilə tanınan bu əfsanəvi hərc-mərclik allahını biz əgər o bizim o  nağılardakı yeddibaşlı əjdahaya bənzətsəydik, ölkəmizi o əjdahanın əlindən xilas edən əfsanəvi MəliK Məmmədi , bu söhbətin konteksində yalnız Heydər Əliyevə bənzədə bilərik.
Bu faktı Azərbaycanın ən yeni tarixinə xalqımızın iradəsi ilə allah özü belə yazdı. Və bu yazı millətimizin tarixində həmişə Heydər Əliyevin adı ilə qalacaqdır.
Mən bu fikri dönə-dönə demişəm ki, Heydər Əliyevin hansı total zərurətin nəticəsində Azərbaycanda yenidən hakimiyyətə qayıtdığını nəzərə almadan , onun  fəaliyyəti barədə obyektiv söz demək mümkün deyil.
Və  inanıram ki, öz siyasi mənliyini az-çox tanıyan və özünü az-çox tanıyan və özünü normal siyasətçi sayan heç bir kəs bu mühüm tarixi məqamın üstündən heç cür sükutla keçə bilməz.
Ancaq Heydər Əliyevin “siyasi rəqibləri” məhz bu məsələnin üstündən həmişə sükutla keçməklə  öz siyasi niyyətlərinin saflığına cəmiyyətdə böyük şübhə oyadırlar.
Özünü nə zamandan bəri Azərbaycan xalqının bir nömrəli təəsübkeşi qələminə verən və öz informasiyalarının qənirsiz obyektivliyi ilə qür-qur qürrələnən Mirzə Xəzərin əslində primitivlik biti basmış qaragüruhçu radiosundan da mən  bu haqda hələ ki, bir söz eşitməmişəm.
Çünki Heydər Əliyevin hansı zərurətin nəticəsində yenidən hakimiyyətə gəldiyini demək bu hakimiyyətin tarixi funksiyasının obyektivcəsinə işıqlandırılmasına şərait yaradardı və burası insanların beynini piyləməyi həqiqəti deməkdən üstün tutan Mirzə Xəzər kimi siyasi intriqa ustalarına, görünür, qətiyyən sərf eləmir.
Azərbaycandakı ictimai durumu çoxdan bəri allahsız və amansızcsına  çulğalamqda olan Mirzə Xəzərin fəaliyyəti barədə  hələ 10 il  bundan əvvəl öz fikrimi demişəm.
Və elə bir il bundan əvvəl də  mətbuatda bu mövzuda çıxış eləmişəm.
Və mən indi də bu fikirdəyəm ki, Mirzə Xəzər jurnalist deyil, siyasi avantüristdir.
Elə bu saat da onun işi-gücü məmləkətin destruktiv qüvvələrini kənardan səfərbər edib mitinqlər, küçə yürüşləri və sair haray- həşir yolu ilə həmin o xaos adlı  mifik diktatoru Azərbaycanda yenidən hakimiyyət başına gətirməkdir.
Bu adamın bu məmləkətə qarşı bu qədər kin- küdurət bəsləməsinin səbəbi şəxsən mənə məlum deyil.
Ancaq mən açıq-aşkar görürəm ki, Azərbaycan xalqının növbəti fəlakətlərinin  az-maz iyi gələn yerindən Mirzə Xəzərin sanki ciyərlərinə yeni güc gəlir, nəfəs gəlir.
Mənə məlum olan bir də budur ki, bu adamın nə adı Mirzədir, nə familiyası Xəzərdir.
Azərbaycanda haçansa belə bir jurnalist olduğunu da mən heç vaxt heç kimdən eşitməmişəm.
Həm qərbyönümlü atəşin demokrat , həm də alovlu Azərbaycan millətçisi qiyafəsində neçə vaxtdan bəri Azərbaycanı çulğalamaqla məşğul olan bu şəxsin milli mənsubiyyəti də, açığını desəm, mənə məlum deyil.
Deyirlər: Mirzə Xəzərin xidmətlərini danmaq olmaz.
O, bir vaxt Azərbaycan xalqının haqq səsini dünyaya car çəkib.
Mənsə tam məsuliyyətimlə deyirəm: Mirzə Xəzər bizim heç bir həqiqətimizi xalqımızın milli ləyaqəti səviyyəsində heç vaxt heç kəsə çatdırmayıb.
Mirzə Xəzərin əttökən eklektik musiqi sədaları altında efirdə zaman zaman qaldırdığı vay-şivən, haray-həşir, bu xalqı həmişə hər yerdə yalnız gözdən salıb, ona heç kəsin nəzərində şan-şöhrət gətirməyib.
İndi Mirzə Xəzər yenə də həmin vay-şivənlə hər gün dünyaya  car çəkir ki, Azərbaycanlıların 95 faizi tam səfalət içində yaşayır.
Burası əlbəttə ağ yalandır. Ancaq bu saat Azərbaycan xalqının yaxşı yaşadığını demək  də həqiqətdən çox-çox uzaq olardı. Məmləkətimizin sosial həyatı əsla könülaçan deyil.
Xalqımız öz müstəqilliyinin hələ ki, gen-bol ağrı acısını görüb onun şirinliyini hələ dadmayıb, xeyir- bərəkətini hələ görməyib.
Sosial münasibətlərdəki kəskin təbəqələşmə xalqı narahat edir, narazı salır.
Ölkənin var-dövlətinin bir qrup seçmə adamların əlində cəmləşməsi millətin səbr kasasını günü-gündən ləbaləb doldurur.
Azərbaycan xalqı öz ölkəsinin təbii sərvətlərindən  öz halal payını götürmək istəyir, müstəqilliyinin real bəhrəsini özünün bugünkü süfrəsində  və öz övlad-uşağının gələcək qismətində görmək istəyir.
Bu xalq bundan yaxşı yaşamağa layiq olduğunu gözəl bilir.
Və bunsuz da ola bilməz. Çünki öz gələcək həyatının bu günkündən qat-qat yaxşı olacağına ümid bəsləməyən bir xalqın özünü xalq adlandırmağa bəlkə də heç mənəvi haqqı çatmazdı.
Ancaq bəla burasındadır ki, bu ölkələrdə iqtisadi tərəqqinin və sosial əmin-amanlığın təminatçısı ola biləcək konkret siyasət adamlarından danışanda Mirzə Xəzər yenə  də öz xislətinə sadiq qalır, demoqoqluq, siyasətbazlıq  eləməkdən əl çəkmir.
Məsələn, məşhur neft-benzin alverçisi və milyonçusu  Rəsul Quliyevi böyük demokrat və misilsiz iqtisadi zəka sahibi vücudunda Azərbaycan xalqına  sırımaqdan  ötrü xüsusilə son vaxtlar Mirzə Xəzər dəridən- qabıqdan çıxır.
Onun Praqadan bizə ötürdüyü məlumatlarda Rəsul Quliyev gah Azərbaycanın imperiya buxovlarından  azad edənlərin arasında , gah da  totalitar rejimə qarşı ardıcıl mübarizlərin ön cərgəsində görünür.
Ancaq Mirzə Xəzərin özü də gözəl bilir ki, bu işlərin Rəsul Quliyevə heç vaxt  dəxli olmayıb. Bu adam olsa-olsa , onsuz  da laxlamış  bir dövlətin  daha tez  yıxılmasına  bir qədər səy qoyub ki, millətin var-yoxunu cəzasız , məsuliyyətsiz, rahatca dağıdıb talaya bilsin. Reallıq budur, həqiqət belədir. Və bu da olduqca acı bir həqiqətdir ki, bir zaman Mili məclisdə öz primitiv yumoru səviyyəsində bir növ baqqallıq edən Rəsul Quliyev indi xaricdə oturub Mirzə Xəzərin köməyi ilə naqqallıqla məşğul olur.
İş gəlib o yerə çatıb ki, Azərbaycan xalqının ən böyük müsibətlərinin bilavasitə baiskarı sırtıq və sürüşkən Rəhim Qazıyev də “Azadlıq” radiosunun dalğalarında ziyalılarımıza dərs verir, yol göstərir, meydan oxuyur.
Bizi məddahlıqda, satqınlıqda  günahlandırır.
Bundan daha absurd formada təbliğat aparmaq mümkündürmü?...
Daxili müxalifətin istefa tələbi isə hamıda ən azı gülüş doğurur. Bu ona bənzəyir ki, damı uçub tökülən bir evdən baş götürüb qacasan, sonra kimsə gəlib can qoyub o damı təhrə sala və bunun əvəzində sən ona heç “sağ ol” da  deməyəsən. Əksinə, deyəsən ki, rədd olub gedə bilərsən, çünki bu gecə yatıb yuxuda görmüşəm ki, bu evdə mən oturmalıyam.
Hələlik Rəhim Qazıyev həbsxana kamerasında , Rəsul Quliyev isə xarici turnedədədir.
Mənsə bu yay günü isti otaqda oturub fikirləşirəm: bayaqdan haqqında danışdığım o xaos-əjdaha , görəsən,  ola bilərmi ki, günlərin bir günüdə yenidən dirilsin?
Mən buna inanmaq istəmirəm.
Ancaq məmləkətimizin hələ xalq içində sözü keçən  avtoritetli ziyalılarının bu barədə indiyəcən  tam neytrallıq saxlaması, sizdən nə gizlədim, məni bir az şübhəyə salır.
Yəni ağlıma gəlir ki, bu adamlar yenə(bəlkə) nəsə bilirlər və bu nəsənin nə demək olduğunu bu ölkədə yenə tək mən bilmirəm...
Hər halda bir şeyi mən lap yaxşı bilirəm.
Bilirəm ki, Azərbaycanda destruktiv- yəni struktursuz, öz dilimizlə desək başıpozuq qüvvələrin əli ilə hakimiyyət çevrilişi  törədilməsinə  yol vermək xalqımıza qarşı ən böyük və bağışlanılmaz xəyanət olardı. Belə çevriliş xalqımızı yenidən xaos cəhənnəminə ata bilərdi. Və son nəticədə  dünya şərinin fələstin və əfqan xalqlarının başına açdığı müsibətlər  bizim başımıza da gələ bilərdi.
Və elə buna görə də  vətən və xalq qarşısında  məsuliyyət duyğusunu itirməyən  hər kəsin  bu məsələyə münasibət bildirməsi məndən ötrü çox vacibdir. Mənə elə gəlir ki, bu ölkədə məmə deyəndən pəpə yeyənəcən hamı bilməlidir ki, heç bir mitinq , heç bir etiraz nümayişi məmləkətimizin normativ dövlətçilik əsaslarını sarsıda bilməz.
Hesab edirəm ki, buna hər bir azərbaycanlı  ürəkdən inanmalıdır. Və bu inamı kütləvi ictimai şüura yeritmək ilk növbədə ziyalıların vəzifəsidir. Çünki həqiqi ziyalı xalqı ictimai bəlalardan qorumağın özünəməxsus qarantıdır.
Çünki daim səksəkə içində yaşayan xalq öz maddi və mənəvi həyatının fəal qurucusu ola bilməz.
Və deməli ölkədə ahəngdar əmək ritmi yaratmqdan və xalqın güzəranını yaxşılaşdirmaqdan ötrü hər cür siyasi xof  bu xalqın başı üzərindən həmişəlik götürülməlidir.
Burası artıq dünyaya məlumdur ki, bu günkü Azərbaycanımızda həyat normasına çevrilmiş ictimai sabitliyin yaradıcısı Heydər Əliyevdir və bu sabitliyin yaxın gələcəkdə qarantı ola biləcək yeganə şəxsiyyət hələlik odur.
Bu aydın və sadə reallıqla hamının razılaşması bu günkü lüzumsuz siyasi çəkişmələrin qarşısını almaqla yanaşı, həm də Azərbaycan xalqının  demokratik dövlət quruculuğu sahəsindəki  mövcud təcrübəsini zənginləşdirər və bu sahədə yeni daha inamlı addımlar atılmasına normal şərait yaradardı.
Və mən buna da əminəm ki, Azərbaycanda monarxiya tipli dövlət quruluşu heç vaxt olmayacaq. Bu da inanıram ki, Mirzə Xəzərin və bu qəbildən olan siyasi avantüra düşkünlərinin xəstə təxəyyüllərinin məhsuludur.
Ölkəmizin stabil , sivil mədəni və dünyəvi  bir dövlət olaraq dünya ictimaiyyəti tərəfindən güngündən daha çox tanınması Azərbaycanda demokratik proseslərin dönməzliyinə və dinamik inkişafına real təminat yaradır.
Azərbaycan dövlətçiliyinin məhkəmləndirilməsinə  və pərvəriş tapmasına bundan real təminat yarada biləcək daha proqressiv və səmərəlı proqram müəllifini tarix hələ ki, yetişdirməyib. Və haçansa yetişdirərsə, və o proqramın müəllifinə gələcək prezident seçkilərinə sağ qalsam , birinci mən səs verəcəyəm.
Son olaraq , xaosun nə demək olduğunu bir daha yada salmaqla bu çətin yazını bitirmək istəyirəm.
Xaos yüzlərlə ananın illər boyu ürəyinin yağı ilə böyüdüb bəslədiyi  övladını  bircə günün içində diri-diri udan əjdahadır.
Xaos allahı taxtdan salıb, şeytanı taxta çıxaran aqressiv dərrakəsizliyin rəmzidir.
Xaos yaşamq ixtiyarını Allahdan yox, şeytandan alanların dünyamızı dağıtmaq ehtirasının qara qan püskürən vulkanıdır.
Və biz bu cəhənnəm vulkanını indi  söndürməsək, Allah öz cənnətində bizə heç vaxt yer verməyəcək.
Məqalənin ixtisarsız və təhrifsiz-təkrar çapına şərait yaradacaq digər mətbuat orqanlarına əvvəlcədən minnətdarlığımı bildirirəm...

Əkrəm Əylisli
24 iyun1998-ci il.

Əlaqəli xəbərlər