Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 35°C

“Ola bilər ki, kimlərsə vitse-prezidentlik institutunun formalaşmasını əngəlləmək istəyir”

Alqis_Musayev.jpg

Tanınmış YAP-çı, sabiq millət vəkili Alqış Musayevin (Həsənoğlu) “AzPolitika.info”ya müsahibəsini təqdim edirik.

 

- Alqış bəy, yəqin ki, prosesləri mediadan izləyirsiniz. 26 sentyabrda keçiriləcək referendumdan dərhal sonra növbədənkənar prezident seçkilərinin elan olunacağı və ilin sonuna qədər keçiriləcəyi haqda fikirlər səslənir, müzakirələr gedir. Sizcə növbədənkənar prezident seçkiləri ehtimalı ciddidirmi?

– Bəri başdan deyim ki, bu, hazırki siyasi vəziyyətdən, sağlam məntiqdən və hüquqdan kənar mülahizələrdir. Mən deyərdim ki, burada daha çox hissəqapılma var. Bu, bir aludəçilikdir, buna el arasında “sözün ucundan tutub ucuzluğa getmək” deyirlər. Bu hardasa başadüşüləndir, görünür, konstitusiyaya dəyişikliklər təklif edilən layihədəki “növbədənkənar” ifadəsi bu cür iddiaların səslənməsinə və tirajlanmasına səbəb olur.

Mövzuya birbaşa dəxli olmasa da, maraqlı bir fakt deyim. Bir neçə ay əvvəl biz bir yaşayış binasının (xatırladım ki, həmin binanın sakinləri orta təbəqənin nümayəndələridir və əksəriyyəti dövlət müəssisələrində çalışırlar) önündə sorğu keçirdik. Sorğunun mahiyyəti belə idi: Həftənin ikinci günü, səhər-səhər işə gedən 30 nəfərə eyni sualla müraciət olundu. Bu gün həftənin hansı günüdür? 30 nəfərdən 23-ü sualı düzgün cavablandıra bilmədi. Hətta bəziləri “deyəsən bazar günüdür” demışdı. Bu nədən irəli gəlir? Deməli, iş prosesi adi vərdişə çevriləndə insan çox şeyin fərqinə varmır, ətraf mühitə laqeyd yanaşır, onu hansı günün, ayın neçəsinin olması maraqlandırmır, yalnız bir istiqamətdə mühakimə yürüdür və qeyri dəqiq izahlar verir.
Belə demək mümkünsə, növbədənkənar seçki söhbəti də bu cür aludəçiliyin -birtərəfli yanaşmanın təzahürüdür, sadəcə,“növbədənkənar” sözünə istinad edib ayın, günün, ilin tarixini nəzərə almadan proqnozlar verilir.

- Yeni layihədə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır və bu da növbədənkənar prezident seçkisinə əsas verən arqument kimi təqdim olunur…

-Gəlin, bir sualı aydınlaşdıraq. Növbədənkənar seçkilər nə zaman və niyə keçirilir? Hansı zərurətdən yaranır? Əgər ölkədə siyasi böhran varsa, bu vəziyyət növbədənkənar seçkilərlə aradan qaldırılır. Növbədənkənar seçki bir çıxış yolu kimi siyasi böhran zamanı meydana çıxır.

Daha konkret desək, siyasi rəhbərliyə olan etimad şübhə doğurursa növbədənkənar prezident seçkisinə gedilir. Parlamentin legitimliyi sual altındadırsa növbədənkənar parlament seçkiləri keçirilir. Bu gün Azərbaycanda siyasi böhranın heç bir əlaməti, şərti yoxdur. Növbədənkənar prezident və parlament seçkilərinin labüdlüyünü deyənlər ilk növbədə ölkədə siyasi böhranın mövcudluğunu sübut etməlidirlər.

Yəni iddia heç bir sağlam məntiqə sığmır. Nədən? Çünki növbədənkənar seçki iddiası referendumun məram və məqsədi ilə daban-dabana ziddiyyət təşkil edir. Prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılmasının bəlli hədəfi var. Bu bir tərəfdən siyasi hakimiyyətin uzunömürlülüynə təminat verib, digər tərəfdən dövləti və cəmiyyəti tez-tez seçki prosesi ilə yüklənmədən xilas edəcək. Növbədənkənar seçki isə referendumun bu məqsədlərini hədəfdən yayındırır. Təsəvvür edin, referendumdan sonra dərhal prezident seçkilər keçirilərsə nə baş verər. Hansı statistika alınır. Bu, 2015-ci il parlament seçkilərini də götürsək, sayca dalbadal keçirilən 3-cü ümumxalq səsverməsi olur. Həm də növbədənkənar keçiriləcək prezident seçkiləri prezidentin iki illik səlahiyyət müddətini ixtisar edir. Tutaq ki, prezident yeni konstitusiyanın müddəası ilə 7 il müddətinə seçilir. Amma praktik olaraq, itirilən 2 ili nəzərə alsaq, prezident növbəti dəfə 5 illik müddətə seçilmiş olacaq. Və nəticə etibarı ilə edilən təkliflərin əhəmiyyəti heçə endirilir.

- Belə bir fikir də səslənir ki, referendumdan sonra vitse-prezidentlər təyin olunmalıdır. Ona görə də növbədənkənar prezident seçkisi keçirilməlidir ki, prezident bu təyinatları həyata keçirmək səlahiyyətləri əldə edə bilsin…

– Çox təəssüf ki, bu iddiada hüquq adına heç nə tapmaq mümkün deyil. Gəlin prezidentin səlahiyyətləri ilə prezident səlahiyyətlərinin icra müddətini qarışdırmayaq. Referendumun qəbulu prezidentə vitse-prezidentlər təyin etmək hüququ verir. Bunun üçün növbədənkənar seçkilərin keçirilməsinə heç bir ehtiyac yoxdur.

Mən düşünürəm ki, bu iddia daha çox vitse-prezidentlik institutunun formalaşmasını əngəlləməyə xidmət edir. Ola bilərki, kimsə və ya kimlərsə demək istəyir ki, vitse-prezidentləri yalnız 7 illik müddətə seçilmiş prezident təyin edə bilər. Və bu yolla da vitse-prezidentlərin təyinatı 2018-ci ilə qədər təxirə düşmüş olsun. Deyim ki, bu da çox az inandırıcıdır. İnandırıcı deyil ki, kimsə belə perspektivsiz bir yol seçsin …

- Yəni belə hesab edirsiniz ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə azacıq ehtimal belə yoxdur?

– İstənilən proses haqqında ehtimallar səsləndirmək olar. Ancaq bugünki ictimai-siyasi situasiya bir şeyi təlqin edir. Azərbaycanda növbədənkənar heç nə baş verməyəcək…
“AzPolitika.info”