Heydər Əliyev-kəlam

Heydar Aliyev imza 1

Baner_ust

DİLLƏR

AZ az RU ru EN en

HAVA

HAVA: 11°C

28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır.

xerite-1918.gif

İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurasının qərarı (1918, 29 may). Zaqafqaziya seyminin dağılmasından sonra (1918, 26 may) erməni milli şurası Tiflisdə Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etdi. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə etmişdir.

Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə göstərilmişdir). Beləliklə, Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi. Onu Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı. İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törətdi. İrəvan azərbaycanlıları həm daşnak (1918-20), həm də Sovet (1920-91) hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qaldı, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdıldı, onların erməniləşdirilməsi tədbirləri həyata keçirildi. 1980-cı illərin sonlarından başlayaraq azərbaycanlılar İrəvan şəhərindən tamamilə çıxarıldı.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.56